Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi çərçivəsində aparılan danışıqlarda avropalıların təhlükəsizlik narahatlıqlarının nəzərə alınması lazım olduğunu vurğulayaraq, "Ukraynada qalıcı və möhkəm sülh istəyirik" deyib.
Turkustan.az xəbər verir ki, Makronun təşəbbüsü ilə bir çox Avropa İttifaqı (Aİ) ölkələrinin, eləcə də Kanada, İslandiya və Norveç kimi ölkələrin liderlərinin iştirakı ilə Ukrayna ilə bağlı onlayn görüş keçirilib.
X hesabından görüşlə bağlı açıqlama verən Makron Fransa və tərəfdaşlarının Ukrayna məsələsində açıq şəkildə ortaq mövqe nümayiş etdirdiyini qeyd edib.
"Ukraynada davamlı və möhkəm sülh istəyirik. Biz Ukraynanın yanındayıq və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün bütün məsuliyyətimizi öz üzərimizə götürəcəyik"-deyə, Makron bildirib.
Aytən Yaşar/ Turkustan.az