ABŞ prezidenti Donald Tramp və ABŞ müdafiə naziri Pit Heqsetin ötən həftə verdiyi bəyanatlardan sonra Avropa Birliyi ölkələrində Ukrayna ilə bağlı narahatlıqlar artıb.
Turkustan.az xəbər verir ki, Parisdə Ukrayna ilə bağlı qeyri-rəsmi təhlükəsizlik sammiti keçirən Avropa ölkələri hazırda əhəmiyyətli miqdarda hərbi yardım göstərməyə hazırlaşır.
"Politico" avropalı diplomatlara istinadən xəbər verir ki, Avropa İttifaqı Ukraynaya azı 6 milyard avro dəyərində hərbi yardım göstərməyə hazırlaşır. Əl-Cəzirə də Politico-nun iddialarını gücləndirərək oxşar məlumat verdi.
Müvafiq yardım paketinə artilleriya mərmiləri və hava hücumundan müdafiə sistemləri daxil olacaq. Yardımın 10 milyard avroya qədər ola biləcəyi və hər bir ölkənin ümumi milli məhsuluna nisbətdə töhfə verəcəyi bildirilir.
Düşünülür ki, Aİ bu yardımla Paris sammitindən konkret dəstəklə qayıtdığını sübut etmək və sülh danışıqlarında təsirini artırmaq istəyir.
Avropalı diplomatlar yardım paketinin detalları üzərində işləməyə davam edirlər.
Aytən Yaşar/ Turkustan.az