Türkiyəli müğənni İbrahim Tatlısəsə qarşı cinayət işi açılıb.
Turkustan.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, cinayət işi müğənninin keçmiş meneceri Şule Yazarın şikayəti əsasında açılıb.
Şule Yazar müğənniyə qarşı təhdid, mobbinq (bir və ya bir qrup insanın başqasına və ya başqa bir qrupa qarşı sosial zorakılığı - red.) və psixoloji zorakılıq ittihamları ilə çıxış edib. Keçmiş menecer bununla bağlı İzmir Respublika Prokurorluğuna müraciət edib.
“8 ay ərzində zorakılığın azalacağını gözlədim, əksinə artdı”, - deyə Ş.Yazar İbrahim Tatlısəslə işləyərkən yaşadığı çətinliklərdən danışıb.
“Vəziyyətin bu həddə çatmasını istəməzdim. Mən iki uşaq anasıyam. Həyat yoldaşımı və uşaqlarımı qorumaq üçün bu addımı atmaq və vəkilimlə birlikdə ərizə vermək məcburiyyətində qaldım”, - o bildirib.
Ş. Yazar üstüörtülü hədələr aldığını da iddia edib.
“Onun bunu nə dərəcədə edəcəyini deyə bilmərik. Bəlkə də, qəzəblə deyilən sözlərdir. Amma biz bunun baş verə biləcəyi ehtimalını da istisna etmirik. Şahidlər və sübutlarla yolumuza davam edirik”, - keçmiş menecer əlavə edib.
Şule Yazırın vəkili Serkan Onukar isə təqdim edəcəkləri başqa sübutlar da olduğunu qeyd edib. /Yeniavaz.com/