Tramp və Zelenskinin "Metal Sövdələşməsi": Masada 26 trilyonluq ehtiyatlar var


ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyası zamanı "Rusiya-Ukrayna müharibəsini tezliklə bitirəcəyəm. Ukrayna lideri Zelenski dünyanın ən yaxşı marketoloqudur, hər gələndə 60 milyard dollar alır" ifadələrindən sonra dünən ilk dəfə Rusiya lideri Putinlə telefonla danışıb.

Turkustan.az xəbər verir ki, Putinlə görüşdən əvvəl Fox News-a danışan Tramp ABŞ-ın Ukraynaya ayırdığı xərcləri geri almaq istədiyini deyib və əlavə edib: “Mən pulumuzun təmin olunmasını istəyirəm, çünki yüz milyardlarla dollar xərcləyirik”.

Tramp ABŞ-ın Ukraynaya verdiyi dəstək müqabilində 500 milyard dollar nadir metal tələb etdiyini və Ukrayna rəsmilərinin bunu prinsipial olaraq təsdiqlədiyini iddia edib. Fevralın əvvəlində başqa bir bəyanatda ABŞ prezidenti açıq şəkildə bəyan edib ki, Vaşinqton hərbi dəstək müqabilində Ukraynadan nadir metallar tədarük etməsini istəyir.

Dünya hərbi və sənaye istehsalı üçün mühüm əhəmiyyət kəsb edən nadir metallar Ukraynanın ən qiymətli təbii sərvətləri sırasındadır. Dentonsun 2024-cü ilin avqust hesabatına görə, Ukraynanın nadir torpaq ehtiyatlarının dəyəri 26 trilyon dolları ötür.

Ukrayna hökuməti və “Kiyev İndependent” qəzetinin məlumatına görə, bu resursların əksəriyyəti hələ də Ukraynanın nəzarətindədir. ABŞ Geoloji Xidmətinin (USGS) hesabatlarına görə, Ukrayna ABŞ-ın kritik hesab etdiyi 50 mineraldan 22-sinə və Aİ-nin 34 kritik mineral siyahısından 25-nə malikdir.

Bu nadir minerallar müdafiə sənayesi, bərpa olunan enerji və qabaqcıl texnologiya istehsalı üçün həyati əhəmiyyət kəsb edir.

Bildirilir ki, qrafit, litium, titan və berilyum kimi metallar yüksək performanslı maqnit, elektrik mühərrikləri, elektron cihazlar və raket sistemlərinin istehsalında istifadə olunur.

Lantan, serium və neodim kimi nadir elementlər külək turbinlərindən tutmuş elektrik avtomobil akkumulyatorlarına qədər bir çox sahədə mühüm rol oynayır.

Ukraynanın litium ehtiyatları Avropanın ən böyük ehtiyatlarından sayılır və təxminən 500 min metrik ton olduğu təxmin edilir.

Ukrayna Avropada ən böyük titan və uran ehtiyatlarına malikdir və dünya miqyasında titan istehsalında ilk 10-luğa daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ