“Çox adam gəlib deyirdi ki, sabah sizin ölkəni işğal edəcəklər, qaçmalısınız”
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəsi başlayanda Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdləri olub. AYNA xəbər verir ki, bu barədə Ukrayna lideri “The Guardian”a müshibəsində bildirib.
“Ruslar Kiyevi mühasirəyə aldılar və ölkəmizin 50 faizini işğal etdilər. Bundan sonra mənə, bizə xəbərdarlıqlar etdilər ki, milli maraqlarımıza xəyanət edək. Yəni denazifikasiya, demilitarizasiya, ordumuz olmasın, onların rusiyapərəstləri dövləti idarə etsinlər, rus dili rəsmi dil olsun, biz əraziləri onlara verib imtina edək. Belə tələblər “Minsk razılaşmaları”nın daha radikal formatı idi. Mən dedim ki, bu, ola bilməz, çünki bu, insanların hüquqlarının, Konstitusiyanın pozulmasıdır, tam vətənə xəyanətdir. Biz Putinin ultimatumuna əməl etməyəcəyik”, - deyə Zelenski vurğulayıb.
Ukrayna rəhbəri qeyd edib ki, Kiyevə müxtəlif elçilər göndərilib: “Çox adam gəlib deyirdi ki, sabah sizin ölkəni işğal edəcəklər, qaçmalısınız. Bir çox rəhbərlər mənə zəng edib dedilər ki, getməlisiniz. Müxtəlif tərəflərdən təzyiqlər oldu. Məni ofisimdə öldürmək istəyənlər oldu, atəş açıldı. Eyni zamanda, müxtəlif insanlardan ultimatumlar və çağırışlar oldu”.
“Ukrayna Silahlı Qüvvələri rus qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa başladıqdan sonra, Moskva xəbərdarlıqlarını yumşaltdı”, - deyə Zelenski əlavə edib.