Əsəd Dəməşqdən necə qaçıb? – Oğlu son anlardan danışdı


Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsədə aid açıqlama internetdə yayılıb.

Turkustan.az lent.az-a istinadən bildirir ki, orada o, rejimin son saatlarını, hakimiyyəti saxlamaq üçün xaotik cəhdləri və ailənin Dəməşqdən dramatik şəkildə qaçmasını ətraflı təsvir edir.

Onun sözlərinə görə, hətta hakimiyyətin çökməsi ərəfəsində də paytaxtda vəziyyət nisbətən sabit qalıb. Dekabrın 7-də qardaşı Kərim sakitcə universitetdə imtahan verib və şəhərdə uzaqdan atışma səslərinə baxmayaraq, həyat həmişəki kimi davam edib.

Lakin tezliklə Suriya ordusunun Homsdan gözlənilmədən geri çəkilməsi xəbəri gəlib və bu, hakimiyyətin son süqutunun siqnalı olub.

Gecə yarısı Rusiya rəsmisi Əsədin Əl-Maliki rayonundakı iqamətgahında peyda olub və bildirib ki, prezident dərhal paytaxtı tərk edib Latakiyaya uçmalıdır. Bir neçə saat sonra ailə tərk edilmiş Dəməşq hava limanına gəlib və orada onları hərbi təyyarə gözləyib. Onlarla birlikdə prezidentin qardaşı Maher Əsəd də hadisə yerində olub.

Bur-İslamdakı prezident iqamətgahına köçmək uğursuz olub: komandanlıqla əlaqə kəsilib, ordu artıq mütəşəkkil qüvvə kimi mövcud olmayıb, hərbi hissələr öz mövqelərini tərk ediblər. Ailənin təxliyyə edildiyi Xmeymim bazası pilotsuz təyyarələrin hücumuna məruz qalıb, Latakiya şəhərinin kənarında atışma səsləri eşidilib.

Günortadan sonra baza komandanlığı vəziyyətin nəzarətdən çıxdığını və Suriyanı tərk etməyin yeganə mümkün variant olduğunu açıqlayıb. Moskva ilə razılaşaraq ailənin Rusiyaya təxliyəsi barədə qərar qəbul edilib. Bəşər Əsəd ailəsi ilə birlikdə dekabrın 8-nə keçən gecə, Dəməşqin rejimin nəzarətindən tamamilə çıxdığı gecə Rusiyaya məxsus hərbi təyyarə ilə ölkədən qaçıb.


MANŞET XƏBƏRLƏRİ