Rusiya Trampın xüsusi nümayəndəsi ilə danışıqlardan sonra narkotikə görə məhkum edilmiş ABŞ-nin keçmiş diplomatını azad edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Rusiya ABŞ səfirliyinin üç ildən artıq həbsdə olan keçmiş əməkdaşı Mark Fogeli azad edib.
Rusiya mətbuatı yazır ki, keçmiş diplomatın azadlığa buraxılmasını Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff təmin edib.
Rusiya tərəfi nə Uitkoffun gəlişini, nə də Fogelin azad edilməsini təsdiqləyib.
ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts "X" sosial şəbəkəsində Rusiya ilə məhbus mübadiləsi danışıqları haqqında bəyanat yayıb.
"Bu gün Prezident Donald Tramp və onun xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edir ki, cənab Uitkof Rusiyada saxlanılan amerikalı Mark Fogellə birlikdə Rusiya hava məkanını tərk edir. Prezident Tramp, Stiv Uitkof və prezidentin müşavirləri Rusiyanın xoşməramlı jesti olan mübadilə haqqında danışıqlar aparıblar, hansı ki, bu, Ukraynadakı qəddar və dağıdıcı müharibəni bitirmək üçün düzgün istiqamətdə hərəkət etdiyimizi göstərir" - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Fogel 2021-ci ildə həyat yoldaşı ilə birlikdə içərisində həşiş və marixuana olan 14 elektron siqaret kartriclə hava limanında saxlanılıb.