Ötən gün Baltikyanı ölkələrin Avropanın vahid enerji sisteminə qoşulduğunun elan olunması mövcud geosiyasi vəziyyət fonunda xüsusi diqqət çəkdi.
Bunun Litva, Latviya və Estoniyanın Rusiya və Belarusun enerji sistemindən ayrılmasından bir gün sonra baş verməsi müzakirələrə səbəb oldu.
Bəzi ekspertlərin fikrincə, son illər Baltikyanı respubliklara Rusiyanın təhdidi kifayət qədər artıb. Nəticədə sözügedən ölkələr ehtimal təhlükədən yayınmaq və müdafiəni artırmaq üçün bir neçə istiqamətdə hərəkətə keçiblər. Bunlardan biri də müstəqil enerji təminatı məsələsidir.
Globalinfo.az-a danışan iqtisadçı İlham Şaban deyib ki, Baltikyanı ölkələr Avropanın vahid enerji sisteminə qoşulması mühüm hadisədir:
“Litva, Latviya və Estoniya SSRİ dövründən qoşulduqları Rusiya və Belarusun enerji sistemindən artıq ayrılıb. Əslində, bu addımla adıçəkilən ölkələr Kremldən canlarını qurtarmış oldular.
Rusiyanın Baltikanı ölkələrə təhdidinin “olum, ya da ölüm” məsələsi kimi gündəmə gəldiyini düşünmürəm. Ümumiyyətlə, bu ölkələr İkinci Dünya müharibəsindən sonra 15 respublika içərisində xüsusilə seçilirdi. Hətta onlar heç vaxt özlərini SSRİ-nin, ya da Rusiya İmperiyasının tərkib hissəsi kimi görməyiblər. Dərindən baxdıqda, bu ölkələr heç tam sovetləşməmişdilər.
İlham Şaban
Hazırda Moskvada deyilənlər Baltikyanı ölkələri qorxutmur. Yəni Kremlin bəyanatları ciddi bir şey deyil. Ukraynanın şərqində yaşananlarla baltik ölkələrindəki vəziyyət eyni deyil. Kreml eyni taktikanı bu regionda tətbiq edə bilməz”.
Politoloq Turab Rzayev isə bildirib ki, Rusiyanın indiki məqamda baltik ölkələrini təhdid etməsi sadəcə siyasi addımdır:
“Rəsmi Moskva bu ölkələrə qarşı hərbi istiqamətdə hər hansı addım atmaz. Qaz üzərindən təzyiq Rusiyanın ənənəvi və effektiv silahıdır. İllərdir Qərbi bu silah ilə təhdid edir. Qərb də bir çox hallarda qazsız qalmamaq üçün təhdidlərə boyun əyib. Lakin hazırda bunu edə bilmir.
Turab Rzayev
Ümumiyyətlə, Qərb tədricən ABŞ qazına, ya da alternativ ölkələrdən qaz alışına keçib. Bu, Rusiyaya zərbə vursa da, Qərbə qaz satışını dayandırmayıb. Ukrayna müharibəsi səbəbindən Moskvaya sanksiyaların tətbiq olunmasına baxmayaraq, Kreml qaz nəqlini davam etdirir. Lakin Rusiya Baltikyanı ölkələri itirməyin fəsadını gələcəkdə görəcək”.