Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: təslim olan hərbçilər yerindəcə öldürülür
BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası Rusiya hərbçiləri tərəfindən əsir götürülən ukraynalı hərbçilərin öldürülməsi hallarının kəskin artdığını qeyd edib. BMT əməkdaşları həm Ukrayna, həm də Rusiya mənbələri tərəfindən dərc edilmiş edam səhnələrini və ya ölən əsgərlərin cəsədlərini əks etdirən foto və video materialları diqqətlə təhlil ediblər. Bundan əlavə, ifadələri bu faktları təsdiqləyən hadisə şahidləri dindirilib.
Hadisələrin geolokasiyası göstərir ki, edamların əksəriyyəti Rusiya ordusunun hücum əməliyyatları apardığı aktiv döyüş bölgələrində həyata keçirilib. Missiyanın məlumatına görə, 2024-cü il avqustun sonundan bəri 24 ayrı insidentdə 79 edam sənədləşdirilib. Çox vaxt təslim olan ukraynalı hərbçilər yerindəcə güllələniblər.
BMT-nin hesabatında deyilir ki, şahidlər yaralı əsgərlərin qəsdən öldürüldüyünü də bildiriblər.
“Bu hallar təsadüfən yaranmayıb. Rusiya Federasiyasının bəzi ictimai xadimləri açıq şəkildə ukraynalı əsirlərə qarşı qeyri-insani rəftara və hətta onların öldürülməsinə çağırıblar. Bu cür bəyanatlar beynəlxalq humanitar hüququn daha da pozulmasına səbəb ola bilirr”, - Missiyanın rəhbəri Daniel Bell bildirib.
BMT öz hesabatında qeyd edir ki, 2024-cü ildə Rusiya hökumət rəsmiləri tərəfindən verilən ən azı üç belə bəyanat, habelə Rusiya silahlı qüvvələrinə bağlı silahlı qruplar tərəfindən sosial şəbəkələrdə yayılan çoxsaylı zorakılıq çağırışları qeydə alınıb. Lakin hesabatda konkret adlar və təşkilatlar göstərilmir.
Missiyanın sənədində vurğulanır ki, beynəlxalq humanitar hüquq əsirlərin götürülməsinin, düşməni bu cür hərəkətlərlə hədələmənin və bu prinsip əsasında döyüş əməliyyatlarının aparılmasının yolverilməzliyi barədə əmrlərin verilməsini qəti şəkildə qadağan edir.
“Ukraynalı hərbi əsirlərin edam edilməsi ilə bağlı bütün hallar, eləcə də bu cür hərəkətlərə ictimai çağırışlar və ya onların əsaslandırılması hərtərəfli araşdırılmalıdır.
"Hərbi və mülki liderlər bütün hərbi əsirləri qorumaq və onlara humanist rəftarı təmin etmək üçün aydın və birmənalı əmrlər verməlidirlər", deyə Daniel Bell vurğulayıb.
2024-cü ilin dekabrında Ukrayna Parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets bəyan edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ukraynalı hərbi əsirlərin edam edilməsi ilə bağlı 177 fakt rəsmi təsdiqlənib. Onun sözlərinə görə, 2024-cü ildə vəziyyət kəskin şəkildə pisləşib: il ərzində 109 belə cinayət sənədləşdirilib. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, ən çox hərbi əsirlərin qətli Donetsk vilayətində qeydə alınıb. /ayna.az/