Fələstin prezidenti Trampın Qəzza ilə bağlı açıqlamalarını rədd etdi


Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Abbas Trampın açıqlamalarına işarə edərək, "Bu çağırışlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və Fələstin dövləti qurulmadan bölgədə sülh və sabitlik ola bilməz" deyə, bildirib.

Turkustan.az xəbər verir ki, Fələstin xalqının öz torpaqlarından, hüquqlarından və müqəddəsliklərindən əl çəkməyəcəyini vurğulayan Abbas Qəzza zolağının işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdslə birlikdə Fələstin Dövlətinin ayrılmaz hissəsi olduğunu qeyd edib.

“Biz onilliklər boyu uğrunda mübarizə apardığımız xalqımızın hüquqlarının tapdalanmasına imkan verməyəcəyik”. Abbas Fələstin xalqının qanuni hüquqlarının mübahisəsiz olduğunu və Fələstin Azadlıq Təşkilatının Fələstin xalqının "yeganə qanuni nümayəndəsi" olduğunu bildirib.

Prezident həmçinin deyib ki, heç kimin Fələstin xalqının gələcəyi ilə bağlı qərar vermək hüququ yoxdur.

Abbas ərəb ölkələrinin fələstinlilərin köçürülməsinə və ilhaqına qarşı mövqeyini təqdir edib və bölgədə sülhün əldə edilməsi üçün beynəlxalq qanunilik qərarları və Ərəb Sülh Təşəbbüsünə uyğun olaraq müstəqil Fələstin dövlətinin qurulmasının zəruriliyinə diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ