Ermənistan baş naziri Nikol Paşinyan yenə sülh “çuxası”na girib. Bu dəfə Vaşinqtonda, Atlantic Council təşkilatında çıxışı zamanı Azərbaycanla sülh anlaşmasına hazır olduğunu izhar edib. “İrəvan münaqişəli məsələlərin müzakirəsini bitirmək və Bakı ilə ikitərəfli münasibətlərdə yeni dövr açmaq istəyir” deyib. Ardınca da müqavilə mətninin razılaşdırılmamyan iki məlum bəndi ilə bağlı təkliflərini təqdim edib.
Bəllidir ki, onlardan biri sərhəddə üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsinə qadağa haqdadır. Bu xüsusda Paşinyan bildirib ki, İrəvan qadağanın yalnız delimitasiya edilmiş ərazilərə şamil olunmasını təklif edib. Digər bənd - beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsinə gəlincə, Ermənistan rəhbərinə görə, İrəvan buna hazırdır, lakin “şərt olaraq bu məsələlərin ikitərəfli danışıqlarda da gündəmə gətirilməməsini” istəyir.
“Məxməri” baş nazir” həmçinin vurğulayıb ki, tərəflər artıq əsas bəndlərdə – o cümlədən SSRİ dövrünün xəritələri əsasında bir-birinin ərazi bütövlüyünün tanınması məsələsində razılığa gəlib. Onun fikrincə, sülh sazişinin imzalanması yaxınlaşır və bunun üçün yalnız siyasi iradə nümayiş etdirmək qalır.
Siyasi iradə? Əlbəttə ki, söhbət erməni tərəfindən gedir. Bakı öz iradəsini çoxdan ortaya qoyub – illər öncə sülh müqaviləsi üçün 5 məlum prinsipi irəli sürməkdən etibarən. Əfsus ki, eyni şeyi Nikol Paşinyan hökuməti barədə söyləmək olmur. Çünki “top” çoxdan Ermənistanın meydanında...
Məsələ də ondadır ki, məhz N.Paşinyan və komandası neçə ildir sülh sənədinin imzalanmasından yayınmaq üçün “nala-mıxa” vurmaqla, vaxt uzatmaqla məşğuldur. O dərəcədə ki, Nikolun artıq az-maz ciddi sözü də ciddiyə alınmır.
Biri elə sərhəddə üçüncü tərəfin qüvvələrinin olmaması ilə bağlı Bakının haqlı tələb-bəndi. Bəlli ki, az öncə Avropa Birliyinin sərhəddəki casus missiyasının mandatı rəsmi İrəvanın razılığı ilə daha iki il uzadılıb. Nəyə görə? Axı bu, Azərbaycan və Ermənistan arasında onsuz da zəif olan etimada birbaşa zərbədir. Paşinyan isə üçüncü qüvvənin yoxluğunu yalnız delimitasiya edilmiş ərazilərdə mümkün sayır. Delimitasiya da ki, illərlə sürə bilər.
Buna nə ehtiyac? Bir dəfə yazmışdıq. Azərbaycan-Gürcüstan sərhədi axıra kimi delimitasiya edilməyib. Amma sərhəddə üçüncü qüvvənin kontingenti yoxdur, olmayıb. Bakı və Tiflisin isə normal əlaqələri var. O zaman Ermənistan nədən narahatdır, əgər bəd niyyəti yoxsa?..
Sual ritorikdir. Çünki biz Ermənistanın gerçək niyyətini bilirik. Sülh danışıqları, delimitasiya-demarkasiya danışıqları fonunda İrəvanın hansı məqsədlə sürətlə silahlandığının, hansı məqsədlə özünə bu il üçün rekord həcmdə (1.7 milyard ABŞ dolları) hərbi büdcə müəyyən etdiyinin, konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddiaları barədə müddəaları çıxarmağa nə üçün tələsmədiyinin də fərqindəyik.
Belə getsə, Paşinyan nəinki Azərbaycanla, qardaş Türkiyə ilə də “ağ vərəq”dən başlaya bilməyəcək. Çünki “ağ vərəq” hər şeydən öncə Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşıdrmaq, normala salmaq deməkdir. Qonşularla səmimi, ədalətli olmaq, özünə arzuladığını ona da arzulamaq deməkdir, nəinki daim qoltuğunda “daş” gizlətmək, altdan-altdan revanşist müharibəyə hazırlaşmaq...
Müxtəsəri, siyasi iradə söhbətinin Bakı və Ankaraya heç bir aidiyyəti yoxdur, ola bilməz. Onu İrəvan nümayiş etdirməlidir. Həm də gecikmədən. Erməni xalqını sülhə hazırlamaqla, Ermənistanın konstitusiyası daxil, digər qanunverici aktları beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğunlaşdırmaqla. Əks halda, sülh müqaviləsi əvəzinə, ortada yalnız qulağa xoş gələn bəyanatlar qalacaq. Kapitulyant ölkə isə bölgənin “dalan” dövləti, “kor bağırsağı” qismində miskin varlığını davam etdirəcək.
Və sonda. Ermənistan kimi xırda ölkələr əgər öz varlığını qorumaq istəyirsə, onda qonşularla “sıfır problem”də hamıdan çox o maraqlı olmalıdır. Amma nə qədər qəribə də olsa, əksini görürük. Hətta “dəmir yumruq”dan sonra belə, “sıfır problem”in vacibliyi erməni toplumuna tam çatmayıb – iqtidarlı-müxalifətli. Yoxsa Paşinyan “atı” yenə “araba”nın arxasına qoşmazdı... /musavat.com/