ABŞ-ın Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa etdiyinə dair yayılan məlumatlar beynəlxalq siyasi arenada xüsusi diqqət çəkib.
“Reuters” yazır ki, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət əvvəlcə Kiyevə silah tədarükünün tam dayandırılması imkanını nəzərdən keçirib. Lakin sonra yardımın bərpasına qərar verilib.
Məlumata görə, hazırda ABŞ administrasiyası daxilində Ukraynaya göndəriləcək silahların həcmi ilə bağlı mübahisələr var.
Rusiya ilə birbaşa danışıqların anonsu verildiyi bir zamanda Trampın bu qərarının məqsədi nədir?
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, ABŞ-ın yeni administrasiyasının Ukraynaya silah-sursat tədarükünü bərpa etməsi sülhün olmayacağı mənasına gəlmir:
“Əslində bu, bir növ Trampın müharibəni dayandırma üsuludur. Yəni o, Kiyevə silah verərək Kremli müharibədən çəkindirməyə çalışır. Digər tərəfdən isə Ukraynaya humanitar yardımları dayandırmaqla o ölkəyə təzyiq göstərəcək. İndiki mərhələdə Vaşinqtonun sözügedən qərarına bu aspektdən baxmaq lazımdır.
Həmçinin biz ABŞ-ın Ukraynaya hansı silah və hərbi texnikanın tədarükünü bərpa etdiyini bilmirik. Onuda deyim ki, söhbət əvvəlcədən qəbul edilən qərarlar üzrə silahların göndərilməsindən gedirsə, bu, təzyiq məqsədli deyil. Mümkündür ki, ABŞ Ukrayna edilən yardımları araşdırır və bunların hansının doğru olduğunu müəyyən etməyə çalışır”.
Murad Sadəddinov
Politoloq bildirib ki, bu fikri əsaslandırmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin son müsahibəsində dediklərinə diqqət etmək lazımdır:
“Zelenski ABŞ-ın ümumilikdə nəzərdə tutulan 177 milyard yardımdan 76 milyardının Kiyevə çatdırıldığını açıqladı. Həmin yardımın isə silah-sursatlarla göndərildiyini bildirib. Ukrayna prezidenti yerdə qalan 100 milyarddan xəbər olmadığını dedi.
Görünən odur ki, ABŞ-da yardımlarla bağlı qeyri-müəyyənlik var. Vaşinqtan bunu aydınlaşdırmaq üçün belə bir addım atıb”.