“İran alimlərinin məxfi qrupu nüvə silahının hazırlanması prosesinin sürətləndirilməsi üçün yollar axtarır”.
Turkustan.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, ABŞ kəşfiyyatı keçmiş prezident Co Bayden administrasiyasının səlahiyyət müddətinin son aylarında əldə edilən məlumatlar əsasında bu qənaətə gəlib. Sözügedən məlumatların artıq Preziden Donald Trampın yeni təhlükəsizlik komandasına verildiyi vurğulanıb.
Qəzetin iddiasına görə, İranın hərbi mühəndisləri və alimləri nüvə yanacağını qısa zamanda real silaha çevirmək üçün yollar axtarırlar. Belə ki, onların yaxın aylar ərzində bunu reallaşdırmağa çalışdıqları qeyd olunur.
“Nyu York Tayms” məsələnin ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçiriləcək görüşdə müzakirə ediləcəyini bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian daha öncə İranın nüvə silahı əldə etmək niyyətində olmadığını açıqlayıb./Globalinfo.az