Erməni soyqırımı (qondarma – red.) ilə bağlı son mübahisəli bəyanatım da məhz bununla bağlıdır, biz anlamalıyıq ki, bizi idarə etmək üçün bu alətdən istifadə edən qüvvələr olub, məqsədləri də müstəqil yaşamağımızı qeyri-mümkün etmək üçün idarəolunan topluma çevirmək idi.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan ABŞ-dəki erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, özü bu reallığı baş nazir olduqdan sonra dərk edib:
“Səmimiyyətlə söyləmək istəyirəm ki, mən özüm də müxtəlif kitablar, dərsliklər və sairdən oxuduqlarım və öyrəndiklərimdən bu qənaətə gələ biləcək qədər ağıllı olsaydım, o vaxt bu nəticəyə gələrdim.
Təəssüf ki, mən bu məlumatı təkbaşına anlayacaq qədər ağıllı olmadım, mən bunu baş nazir olduğum müddətdə müxtəlif görüşlərdə hər cür praktiki problemləri həll edərkən, hər cür situasiyaları görərək, söhbətləri və müxtəlif düşüncə yollarını ifadə edən cümlələri dinləyərək anladım”.
Paşinyan qeyd edib ki, o, artıq ermənilərin müharibələrdə ölmələrini istəmir: “Bu, baş verən ritorik dəyişiklikdir və mən bu ritorikanı reallığa çevirməyi tarixi missiya hesab edirəm”.
Xatırladaq ki, Paşinyan ötən həftə İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.
Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini və bundan müxtəlif dövlətlərin öz maraqları üçün istifadə etdiklərini etiraf edib:
“Nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə erməni soyqırımı gündəmi yox idi, necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”./teleqraf.com