ABŞ ilin sonunadək Ukraynada prezident seçkisinin keçirilməsində israrlıdır - ekspert rəyi
“ABŞ ilin sonunadək, xüsusən də cəbhədə atəşkəs olacağı təqdirdə Ukraynada prezident seçkisinin keçirilməsində israrlıdır”. Bu barədə “Reuters” Trampın xüsusi nümayəndəsi Keyt Kelloqa istinadən xəbər verib. “Demokratik ölkələrin əksəriyyətində seçkilər hətta müharibə zamanı da keçirilir. Hesab edirəm ki, bu, demokratiya üçün vacibdir. Bu, onun gücüdür”, - Kelloq bildirib. Agentlik bildirib ki, Ağ Ev uzunmüddətli razılığa gəlməzdən əvvəl atəşkəsə nail olub-olmamağın mümkünlüyünü də müzakirə edir. “Ukraynada prezident seçkisi keçirilərsə, qalib şəxs Moskva ilə daimi sülh müqaviləsi üzrə danışıqların məsuliyyətini öz üzərinə götürəcək”, - “Reuters” mənbələri əlavə edib.
Xatırladaq ki, V.Putin V.Zelenskini səlahiyyət müddəti bitdiyi üçün qeyri-legitim sayır və sülh müqaviləsi imzalamağı istisna edir.
“Ukraynanın ABŞ və Rusiya arasında müharibə ilə bağlı aparılan danışıqlardan kənarda qalması çox təhlükəli olacaq”.
Bunu isə Volodimir Zelenski Tramp administrasiyasının müharibəyə son qoymaq üçün Rusiya ilə “çox ciddi” danışıqlar apardığı barədə bəyanatını şərh edərkən deyib.
“Onların öz münasibətləri ola bilər, lakin Ukrayna haqqında bizsiz danışmaq hamı üçün təhlükəlidir”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, komandası Tramp administrasiyası ilə əlaqə saxlayır, lakin bu müzakirələr hələlik “ümumi səviyyədə” aparılır. Zelenski yaxın vaxtlarda daha detallı razılaşmalar əldə etmək üçün şəxsi görüşlərin keçiriləcəyinə inanır. “Biz bunun üzərində daha çox işləməliyik”, - deyə Ukrayna lideri bildirib və əlavə edib ki, Tramp inaqurasiyadan sonrakı ilk həftələrdə əsas diqqətini daxili problemlərə yönəldib ki, bu da başa düşüləndir.
Zelenski həmçinin qeyd edib ki, Rusiya atəşkəs danışıqlarında iştirak etmək və ya hansısa güzəştləri müzakirə etmək istəmir. Ukrayna prezidenti əmindir ki, Tramp Putini danışıqlar masasına əyləşməyə məcbur edə bilər. O, bunun üçün Rusiyanın enerji və bank sisteminə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Ukrayna ordusuna dəstəyi davam etdirməli olduğunu vurğulayıb. “Düşünürəm ki, bunlar ən yaxın və ən vacib addımlardır. Ukrayna müharibə başlayandan bəri heç vaxt olmadığı qədər sülhə yaxındır”. Bunu da Zelenski deyib.
ABŞ prezidenti hansı varianta üstünlük verəcək - Zelenskisiz, Ukraynasız yola, yoxsa?..
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a Volodimir Zelenskinin seçki ilə bağlı mövqeynin düzgün olduğunu deyib: “Müharibə şəraitində olan dövlətdə seçki keçirilməsi xeyir verməkdən daha çox ziyan gətirə bilər. Bunu Zelenski də çox yaxşı bilir. Elə bu səbəbdəndir ki, müharibə şəraitində olan bir çox dövlətlərdə prezident və ümumiyyətlə, hər hansı bir seçkini təxirə salıb daha uyğun bir zamana qədər ertələyirlər”.
Fikrət Yusifov hesab edir ki, Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi bağlanandan sonra Ukraynada prezident seçkisinin keçirilməsi daha məqsədə uyğundur: “Volodimir Zelenski ilə dünənə qədər Rusiya Prezidenti Vladimir Putin masa arxasına əyləşmək istəmirdisə, artıq ABŞ-ın yeni prezidenti Donald Tramp da onunla üz-üzə oturmaq istəmir. Yəqin ki, yaxın zamanda Ukraynada prezident seçkisi keçiriləcək. Prezident Zelenski olmayacaqsa, Rusiya tərəfinin Ukrayna prezidentinin legitim olmaması ilə bağlı arqumenti də aradan qalxacaq. Sülh müqaviləsi bağlamaq üçün Ukraynada prezident seçkisi keçirilməli, legitim prezident olmalıdır. Rusiya üçün ortada Zelenski faktoru varsa, bu faktor da aradan qalxacaq. İnanmıram ki, bundan sonra məsələ Rusiya və Ukrayna arasında həll edilsin. Artıq Ukrayna məsələsinin həlli Rusiya və ABŞ arasındakı razılaşmalardan asılı olacaq. ABŞ-ın rəyi necə olacaqsa, Ukrayna məsələsi də elə həll ediləcək”.