"Sülh gündəliyi" və "sülhün kəsişmə nöqtəsi" artıq mövcud deyil, bunlar sadəcə kağız üzərində qalan boş ifadələrdir.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov jurnalistlərlə görüşündə bəyan edib.
Onun sözlərinə görə, hər dəfə rəsmi Bakı Nikol Paşinyana yeni tələblər irəli sürür, Paşinyan isə onları səssiz şəkildə yerinə yetirir.
Şarmazanovun fikrincə, Paşinyan öz uğursuzluğunu ört-basdır etmək üçün ucuz bir fəndə əl atıb – guya Ermənistan Avropa İttifaqına (Aİ) doğru irəliləyir. İndi də Paşinyan hökuməti ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum layihəsinə müsbət rəy vermək qərarına gəlib.
"Halbuki bir neçə ay əvvəl Paşinyan belə bir referenduma ehtiyac olmadığını deyirdi", - deyə Eduard Şarmazanov bildirib.
Şarmazanova görə, Avropa İttifaqının heç bir rəsmisi Ermənistanın orada gözlənildiyini bildirməyib. Onun fikrincə, Paşinyanın Aİ-yə üzvlük məsələsini gündəmə gətirməsi sadəcə siyasi manipulyasiyadır.
"Paşinyan Avropa İttifaqına üzvlükdən danışır, lakin eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalaraq oradan faydalanmaq istəyir. Rusiya baş nazirinin müavini isə ona açıq şəkildə bildirdi ki, həm Aİİ-də qalmaq, həm də Aİ-yə yönəlmək mümkün deyil", - deyə Şarmazanov bildirib. /Musavat.com/