Tramp “müharibəni” seçdi – Hədəfdə bu üç ölkədir: Qlobal böhran başlayır?


Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə gözlənilən sərəncamı imzalayıb. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq. Artıq Trampın bu addımı ticarət müharibəsinin başlaması kimi dəyərləndirilir.

Bu addım dünya iqtisadiyyatına necə təsir edəcək? Qlobal böhran yaranacaqmı? Azərbaycana nə kimi təsirləri ola bilər?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, ABŞ-ın gömrük rüsumları və tariflər siyasətinə yenidən baxması, xüsusən Meksika, Kanada və Çinə münasibətdə gömrük rüsumlarının artırılması qlobal ticarət müharibəsinin ilk addımlarının atılmasına səbəb olub:

“Kanada məsələ ilə bağlı müvafiq cavab verib. Çin isə öz növbəsində Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. ÜTT-nin qızıl qaydasına görə, bir-biri ilə ticarət edən ölkələr digərinin təqdim etdiyi şərtlərdən ağır şərtlər irəli sürə bilməz. Bu ÜTT-nin indiki siyasətinə və fəaliyyətinə də ziyan vurur. Tarif mühribələri həm qarşılıqlı etimadı azaldacaq, həm də malların, kapitalın sərbəst dövriyyəsi ilə bağlı problemlər yaradacaq. İqtisadçı ekspertlərin qənaətinə görə, ticarət müharibələrinin həcmi genişləndikcə dünya iqtisadi artımına mənfi təsir edəcək. COVİD-19, Rusiya-Ukrayna müharibəsi ilə xeyli geriləyən və artımları arzuolunan səviyyədə olmayan dünya iqtisadiyyatı yenidən tormozlanmağa başlayacaq. Daxili bazraların qorunmasına yönəlmiş bu cür birtərəfli addımlar mütləq iqtisadi artımı zəiflədəcək. Dünyanın aparıcı iqtisadiyyatlarında mənfi trendləri də gücləndirəcək”.

Politoloqun sözlərinə görə, həmin prosesin nəticəsində bütün dünyada inflyasiyanın artması, ölkələr arasında etimadsızlıq mühitinin daha da dərinləşməsi gözləniləndir:

zaur ibrahimli 12

Zaur İbrahimli

“Bütün bunlar investisiyaların qoyulmasını çətinləşdirəcək. Eyni zamanda ölkələr yenidən bir-biri ilə müxtəlif ticarət məsələlərində razılaşmalı olacaqlar. Bütün bunlar iqtisadi artıma mənfi təsir edəcək. ABŞ-ın yeni gömrük rüsumu və tarif siyasəti qısa müddətli perspektivdə Azərbaycanda o qədər də hiss olunmayacaq. Çünki Azərbaycanın əsas ticarət tərəfdaşları fərqli ölkələrdir. Lakin orta perspektivdə bu ticarət müharibələri genişləndikcə rəsmi bakı da mənfi nəticələrdən yan qala bilməyəcək. Əsasən gündəlik tələbat mallarından tutmuş sənaye mallarına qədər ixrac edirik. Daxili istehsal o qədər də geniş deyil. İdxaldan güclü şəkildə asılı olan istənilən ölkə bu neqativ təsirlərdən yan keçə bilməyəcək”.

Zaur İbrahimli qeyd edir ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi onu ən müxtəlif regionlarla ticarət etməsinə imkan yaradır:

“Azərbaycanın möhkəmlənmiş ticarət, loqistik əlaqələri var. Kifayət qədər sabit bazarı olan, öhdəliklərinə əməl edən ölkə kimi tanınır. ABŞ-ın sözügedən siyasəti idxalın bahalaşmasına səbəb olacaq. Azərbaycanın ticarət tərəfdaşları hələlik bu müharibədən kənardadırlar”.


MANŞET XƏBƏRLƏRİ