Türkiyə Suriyada iki hərbi baza yaradacaq?


Türkiyə Suriyada iki hərbi baza qura və orada F-16 qırıcıları yerləşdirə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiye qəzeti adı açıqlanmayan ərəb mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə və Suriya bununla bağlı ortaq müdafiə sazişi imzalayacaq.

Yaxın vaxtlarda imzalanması gözlənilən sazişə əsasən, Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya yardım edəcək. Razılaşmada həmçinin Türkiyə silahlı qüvvələrinin Suriya ordusuna və onun pilotlarına təlim keçməsi, Türkiyənin Suriyada iki hərbi baza qurması da nəzərdə tutulur.

Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün bu bazalarda 50 F-16 qırıcısı yerləşdirəcək. Rəsmi orqanlar hələlik bu xəbərlərə münasibət bildirməyiblər.

Nəşr həmçinin deyib ki, Suriyanın yeni administrasiyası İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən PUA, radarlar və elektron döyüş sistemləri istəyib.

PUA-ların ilk çatdırılması yaxın vaxtlarda baş tuta bilər.

Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və Rusiyaya sığınıb.

Dekabrın 10-da İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək Suriya keçid kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.

Eyni zamanda Suriyanın yeni administrasiyasının rəhbəri vəzifəsinə Əhməd əl-Şaraa (daha çox Culani kimi tanınır) gətirilib. Yanvarın 29-da keçid dövrü ərzində o, Suriyanın prezidenti elan edilib. /bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ