“İrəvan Rusiyanı Fransa ilə əvəz etməyə çalışır” – “Erməni cəmiyyətini daha böyük itkilər gözləyir”


“Ermənistanın Baş naziri Paşinyanın, eləcə də rəsmilərinin bəyanatlarını dinlədikcə, erməni ekspert icmasının nümayəndələrinin çıxışlarını mütəmadi təhlil etdikcə, Bakı və İrəvan arasında sülh müqaviləsinə Azərbaycanın sərt yanaşmasının düzgünlüyünə əmin oluram”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus bildirib.

Ekspert hesab edir ki, Ermənistan və onun cəmiyyəti böyük hissəsi hələ də illüziyalarla yaşamağa davam edir: “Əgər Sovet İttifaqı dağıldıqdan və müstəqillikdən sonra 27 sentyabr 2020-ci ilə qədər Ermənistan Qarabağın və Azərbaycanın ona bitişik 7 rayonunun işğalına dəstək verməsi müqabilində suverenliyindən Rusiyanın xeyrinə imtina etmişdisə, ikinci Qarabağ müharibəsində təslim olduqdan sonra rəsmi İrəvan artıq Rusiyanı Fransa ilə əvəz etməyə çalışır”.

R.Yunusun sözlərinə görə, Ermənistan yenidən kiminsə vassalı olub bölgədə öz suverenliyini və subyektivliyini möhkəmləndirməyə çalışmaqdansa, bu gün Rusiya və Qərb münasibətlərindəki ziddiyyətlərin üzərində oynamağa cəhd edir: Dünyada hərbi-siyasi turbulentliyi və xüsusilə Cənubi Qafqaz ətrafındakı geosiyasi proseslərə nəzər salanda Ermənistanı yaxın gələcəkdə nə gözləyə biləcəyini anlamaq üçün coğrafi xəritəyə baxmaq kifayətdir. Azərbaycanla Ermənistan, daha sonra Ermənistanın əsas qonşusu olan Türkiyə arasında sülh müqaviləsi olmadan coğrafi dalandan çıxmaq, Ermənistanın Avropaya çıxışı ilə bağlı nağıllarla cəmiyyəti aldatmaq, bədnam "miatsum" ideyası kimi növbəti cinayət utopiyasıdır. Lakin bu, təəssüf ki, heç vaxt Ermənistan və onun cəmiyyəti üçün dərs olmadı. Bunu başa düşməmək, məqsədyönlü şəkildə cəmiyyəti yeni illüziyalarla aldatmaqda davam etmək və bununla həm Azərbaycan, həm də Türkiyə münasibətlərinin sülh yolu ilə nizamlanması prosesini gecikdirməklə erməni cəmiyyəti ikinci Qarabağ müharibəsindən sonra daha böyük itkilərlə üzləşə bilər.

Otto fon Bismarkın dediyi kimi: "Axmaqlıq Allahın hədiyyəsidir, amma ondan sui-istifadə edilməməlidir". /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ