“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları


Natali Aleksanyan: “Onlar Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sülhünün artıq qaçılmaz olduğu gerçəyi ilə barışa bilmirlər”

Ermənistanda anti-Azərbaycan və anti-Türkiyə təbliğatı davam etməkdədir. Azərbaycan və Türkiyənin birlikdə Ermənistanı “işğal etməsi” haqqında erməni cəmiyyətində xof yaradan daha çox “Qarabağ klanı” kimi tanınan erməni müxalifətinin başında dayanan sabiq prezidentlər Röbert Köçəryan və Serj Sarkisyan və onun tərəfdarlarıdır. Müxalifətə bağlı jurnalistlər, ekspertlər sosial şəbəkələrin erməni seqmentində “Azərbaycan təhlükəsi”, “Türkiyə təhlükəsi” təbliğatını aparır, ermənilərdə qorxunu aşılayır.

Şəbəkələrdə sülhdən danışan erməniyə dərhal “türklər Ermənistanı işğal edəcəklər”, “Türkiyənin Ermənistanı tərkibində muxtar vilayətə çevirmək planı var” kimi cavablar verilir və bunu “öz mənbələrinə” əsasən iddia edirlər.

Bəzi erməni ekspertləri isə hesab edir ki, bu, Köçəryan-Sarkisyan cütlüyünün məqsədli planıdır. Onların qənaətincə, bu təbliğatla müxalifətdə olan “Qarabağ klanı” Baş nazir Nikol Paşinyan hökumətinə qarşı ixtişaşların başlamasına nail olmaq istəyirlər. “Türk təhlükəsi” təbliğatının daha da güclənməsi səbəbləri kimi Köçəryan və Sarkisyanın özlərinin də qorxuları göstərilir. İrəvanda yaşayan erməni fəal Natali Aleksanyan hesab edir ki, Köçəryan və Sarkisyan vaxtilə Azərbaycan ərazilərini işğala məruz qoyduqları, azərbaycanlıları Qarabağda qətlə yetirdikləri, hərbi cinayətlər törətdikləri üçün Bakı məhkəməsinə çıxarılacaqlarından qorxurlar.

Aleksanyan AYNA-ya bildirib ki, son vaxtlar erməni cəmiyyətində Ermənistanda qalan digər canilərin də Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan və digərləri kimi Azərbaycanda mühakimə olunmalarına çağırış edirlər: “Çünki sülh tərəfdarı olan insanlar bu cinayətkarların işğalçılıq siyasəti, separatçılığı nəticəsində Ermənistanın 30-35 il inkişafdan geri qaldığını düşünürlər. “Qarabağ klanı” deyilən bu şəxslər hələ də sülhə qarşı təbliğat aparmaqdadırlar. İctimaiyyətin əksər kəsiminin sülh istəyini dərk edən Köçəryan, Sarkisyan onlar haqqında “Bakı məhkəməsi” ifadəsindən qorxurlar. Əslində “türk təhlükəsi” onların özlərini qorxudur”.

“Hesab edirəm ki, bundan sonra Türkiyə və Azərbaycandan yalnız “Qarabağ klanı” qorxacaq. Köçəryan illərdir öz qorxularını rəhbər tutaraq, onları milli ritorika kimi təqdim edir. Müsahibələrində daim “Türkiyə təhlükəsi”ndən danışır. O, Türkiyənin Ermənistanı Acarıstana bənzər bir qondarma quruma çevirməyi hədəflədiyini iddia edir. Lakin bu iddiaların heç bir real əsası yoxdur”, - erməni ictimai fəal qeyd edib.

Aleksanyanın qənaətincə, Köçəryanın siyasəti keçmiş qorxulara əsaslanır: “O, başa düşmür ki, müasir dünyada güclü ölkə ancaq iqtisadi inkişafı, vətəndaşlarının təhlükəsizliyini təmin edən, regional əməkdaşlığa açıq olan ölkə ola bilər. “Qarabağ klanı”nın nümayəndələri Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sülhünün artıq qaçılmaz olduğu gerçəyi ilə barışa bilmirlər. Köçəryan öz qorxularını rəhbər tutaraq uzun illər suverenliyimizin maraqlarına məhəl qoymadan Ermənistanı Rusiyanın təsiri altında saxladı. Onun arzuları Ermənistanın heç vaxt inkişaf sütunu olmayan, ancaq öz maddi maraqlarını təmin edən dövlət olmasıdır”.

“Mənim baxışım aydındır: Türkiyə və Azərbaycan öz gücünə arxayın olan və effektiv dialoq qurmağa qadir olan dövlət üçün təhlükə ola bilməz. Ermənistan qorxu yerinə deyil, sülh və əməkdaşlıq mərkəzinə çevrilməlidir. Düşünürəm ki, bundan sonra yalnız “Qarabağ klanı” Türkiyədən və Azərbaycandan qorxmağa davam edəcək. Çünki illərlə varlığını o qorxular üzərində quranlar onlardır. Ancaq bu qorxuların vaxtı bitdi. Biz bir xalq olaraq öz gücümüzə, xalqımızın yaradıcı potensialına, beynəlxalq tərəfdaşlığa arxalanaraq qorxmadan yaşamağa layiqik”, - N.Aleksanyan fikrini tamamlayıb.


MANŞET XƏBƏRLƏRİ