"Hamı yorulub, əhval dəyişib": Ukrayna ordusunda fərarilik böhranı - "The Guardian"


Ukrayna cəbhədə insan çatışmazlığı yaşayır və bunun əsas səbəblərindən biri hərbçilərin kütləvi şəkildə öz bölmələrini tərk edib getməsidir.

Turkustan.az "The Guardian"a istinadla xəbər verir ki, dəqiq rəqəmlər hərbi sirr olsa da, rəsmi hakimiyyət onların sayının çox olduğunu etiraf edir.

Fərarilik edənlərdən biri nəşrə bildirib ki, Rusiya işğalının əvvəlində könüllü olaraq cəbhəyə yollanıb və "həyatını verməyə hazır" olub. Lakin zaman keçdikcə münasibəti dəyişib.

Ruslar Ukrayna Silahlı Qüvvələrinin mövqelərini darmadağın edib, yüksək rütbəli komandirlər isə qeyri-real əmrlər veriblər. Müdafiə olunan binalardan birində döyüş zamanı onun çiyninə panel düşüb. Sadəcə ağrını azaltmaq üçün iynə vurublar və yenidən cəbhəyə göndəriblər. "Başa düşdüm ki, mən heç kiməm. Sadəcə bir nömrəyəm", – deyə o bildirib.

May ayında isə müalicəyə ehtiyacı olduğu üçün postunu tərk edib və geri qayıtmayıb.

"Hamı yorulub. Əhval dəyişib. Əvvəllər küçələrdə insanlar əsgərləri qucaqlayırdı. İndi isə hərbi xidmətə çağırılmaqdan qorxurlar", – deyə o əlavə edib.

Başqa bir keçmiş hərbçi bildirib ki, cənubda – Nikolayev və Xerson vilayətlərində hücum əməliyyatlarında iştirak edib. 2022-ci ilin qışında yeni komandiri ilə mübahisə edib, nəticəsiz yerə başqa yerə köçürülməyi xahiş edib və daha sonra yaralanıb.

"Sərhədə gəldim. Və elə bir yerə getməyə qərar verdim ki, məni heç kim tapmasın", – deyə o bildirib.

O, yenidən silaha sarılacağını, ancaq ruslar onun şəhərinə daxil olarsa və ya Ukrayna ordusu NATO üslubunda islahatlara məruz qalıb, daha yaxşı generallarla idarə olunarsa, döyüşə qayıdacağını deyib.

"Xoşbəxtsənmi" sualına isə belə cavab verib: "Mən sadəcə sağ qalmışam. Müharibə nə qədər uzun çəkərsə, mənim kimi insanların sayı bir o qədər artacaq".

Hərbçilərin hüquqlarının müdafiəsi üzrə Ukrayna müvəkkili Olqa Reşetilova bəzi insanların hərbi hissələrini tərk etməsini başa düşdüyünü bildirib.

"Bu, üç il davam edən böyük müharibə şəraitində təbii haldır. İnsanlar yorulublar. Ailələrini görmək istəyirlər. Övladları onlarsız böyüyür. Münasibətlər dağılır. Arvadlar və ərlər sonsuzadək gözləyə bilməzlər. Onlar özlərini tənha hiss edirlər", – deyə o qeyd edib.

Onun sözlərinə görə, bir çox hərbçilərin psixi durumu qeyri-sabitdir və kiçik bir münaqişə belə onların hərbi hissəni tərk etməsinə səbəb ola bilər.

"Bu, mürəkkəb və çətin problemdir. Onu yalnız cinayət məsuliyyəti ilə həll edə bilmərik. Əgər seçim ölüm və həbsxana arasında olarsa, təbii ki, hər kəs ikinci variantı seçəcək", – deyə o bildirib.

Piyadaların baş çavuşu Andrey Qrebenyuk Donetsk vilayətinin Velika Novoselka şəhərində döyüşən batalyonların hərbçilərinin tez-tez fərarilik etdiyini təsdiqləyib.

"Bəziləri geri qayıdır. Bəziləri isə yox... Məsələ yaralanmalarda deyil, mənəvi ruh yüksəkliyindədir. Onlara psixoloji reabilitasiya lazımdır. Ailələrinə qayıdırlar və bir neçə aydan sonra geri dönürlər", – deyə o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Baş Qərargah bildirib ki, hərbi hissəni tərk edənlərin təxminən 60%-i yenidən xidmətə qayıtmaq üçün "Ordu+" tətbiqi vasitəsilə müraciət edib və onların bir qismi artıq yeni bölmələrdə xidmətə başlayıb. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ