Xəbər verdiyimiz kimi Əhməd əl-Şaraa Suriyanın yeni prezidenti elan edilib. Bu hadisə yerli və xarici mediada birmənalı qarşılanmayıb. Belə ki, heç bir seçki prosesi keçirilmədən Bəşər Əsəddən sonra yeni diktatorun hakimiyyətə gəldiyi barədə fikirlər səsləndirilməkdədir.
Bu nə qədər realdır?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Əhməd əl-Şaraa keçid dövründə prezident elan olunub:
“Bu zaman seçkilər olmur. Ona görə də seçki prosesi baş tutmadan Əhməd əl-Şaraa yeni prezident elan edilib. Nəzərə almaq lazımdır ki, bu mərhələdə yeni prezidentə ehtiyac yox idi. Onsuz da ölkəni idarə edən hökumət var idi. De-fakto rəhbərlik Əhməd əl-Şaraada idi. Bundan əvvəl də prezident seçiləcəyini bildirmişdi. Güman ki, prezident seçkiləri keçirilsə belə qanuni şəkildə namizədliyi təsdiqlənəcək və rəhbərliyə məhz o keçəcək. Hazırda bütün güc onun əlindədir. Təhrir ər-Şam qruplaşması, eləcə də azad Suriya ordusunun da qoşunlarının tamamilə buraxılaraq Suriya ordusuna çevrilməsi ilə bağlı qərar qəbul edib”.
Politoloqun sözlərinə görə, Suriya tarixən diktatorların hakimiyyətə gəlməsi üçün münbit ölkə olub:
Zeynal Əmrəliyev
“Bəşər Əsəddən sonra Əhməd əl-Şaraanın Suriyanın mütləq hakimi olmasında heç bir problem yoxdur. Hakimiyyət bu dəfə də Suriya xalqının deyil, yeni rəhbərlik və onun tərəfdarlarının əlinə keçir. Bu çox təəssüfləndirici haldır. Uzun illərdir, Suriyada vətəndaş müharibəsi getdi, yüz minlərlə insan həyatını itirdi, ölkə xarabalığa döndü. Suriya xalqı bu müharibəni ona görə etmişdi ki, diktatordan canları qurtarsın və hüquqi, azad ölkədə yaşasınlar. Amma indi yeni bir diktatorun doğuşunu görməkdəyik. Suriyada dəyişən prezident imici oldu. Saqqalsız getdi, saqqallı gəldi”.