ABŞ-nin yeni prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində dayandırmaq vədindən vaz keçib. Lakin onun xüsusi nümayəndəsi Keyt Kelloqa 100 gün ərzində həll yolu tapmaq tapşırığını verməsi bu müharibənin daha bir dondurulmuş münaqişəyə çevrilməsi ehtimalını xeyli artırır.
Turkustan.az xəbər verir ki, “The Times”-da nəşr edilən məqalədə belə deyilir
Nəşr qeyd edir ki, dondurulmuş münaqişələrin tarixi heç də xoşbəxt tarix deyil və belədə silahlı münaqişələrin yenidən başlanması təhlükəsi həmişə aktual olaraq qalır.
Sent-Endryus Universitetinin strateji tədqiqatlar professoru Filip O'Brayn nəşrə deyib ki, səbirsizliyi ilə tanınan Tramp Ukraynada müharibəyə son qoymaq üçün özünün “danışıqlar aparmağı bacaran şəxs” reputasiyasına stavka edir: "Ukrayna əslində, Trampın vecinə deyil. O, sadəcə döyüşləri dayandırdığına görə etimad krediti qazanmaq, özünü sülhməramlı elan etmək və “evinə dönmək” istəyir".
Mütəxəssis hesab edir ki, Trampın Rusiyaya qarşı təhdidləri inandırıcı deyil. O, əlavə edib ki, Amerika Prezidenti Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti təklif etməyib və özünü təhlükəsizlik qarantı yox, vasitəçi kimi göstərir.
Yazıda qeyd olunur ki, müasir dövrdə dondurulmuş münaqişənin ən məşhur nümunəsi Koreya müharibəsidir. Koreya yarımadası cəbhə xətti boyunca bölünüb. Şimali və Cənubi Koreya hələ də sülh müqaviləsi olmadığı üçün texniki cəhətdən müharibə vəziyyətindədir. Bu barışıq üçün xarici təsirlər həlledici rol oynayıb. Lakin Koreya Müharibəsində atəşkəs əldə olunması üçün Birləşmiş Millətlər Təşkilatının bayrağı altında minlərlə xarici əsgər iştirak edib. Daha sonra onları Amerika qüvvələri əvəz edib. Tramp isə artıq açıq şəkildə bəyan edib ki, Ukraynada atəşkəs sülhməramlıların müdaxiləsini tələb edərsə, bu məsələ ilə ABŞ, hətta NATO yox, Avropa məşğul olmalıdır. Bu da Kiyev üçün mənfi mənada Koreya və Ukrayna müharibələrini fərqləndirir
Məqalə müəllifləri qeyd edirlər ki, Avropa liderləri Trampın prezidentliyinin Ukrayna üçün nə demək olduğunu gec dərk etməyə başlayırlar.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Davos forumunda qəfil atəşkəs təhlükəsindən danışıb: “Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Lakin onlar ədalətli və davamlı sülh istəyirlər. Onların istəmədikləri bir az sonra yenidən alovlana biləcək dondurulmuş münaqişədir”.
Yazıda bildirilir ki, ukraynalılar bu ssenari ilə çoxdan tanışdırlar. Ukrayna Prezidenti Volodimir Zelenski də bu barədə danışıb: “Bizim Ukraynanın şərqində dondurulmuş münaqişə var idi və Minsk razılaşmaları onun həllinə gətirib çıxarmadı. Biz Rusiya ilə danışmağa çalışdıq. Amma onlardan yalandan başqa heç nə eşitmədik. Biz onlara etibar edə bilmərik".
Sonda qeyd edək ki, “The Independent” nəşrinin daha əvvəl yazdığı kimi, Trampın vədlərinə rəğmən Ukrayna müharibəsində sülh sazişi əldə edilməyə bilər. Nəşr xatırladır ki, Rusiyanın Ukraynaya ilk müdaxiləsindən sonra 2014 və 2015-ci illərdə hərbi əməliyyatların dayandırılması ilə bağlı əvvəlki razılaşmalar bir çox digər cəhdlər kimi sonradan uğursuzluqla nəticələnib. Deməli, Rusiya qarşısında real güc görməyəcəyi halda, istənilən atəşkəs müvəqqəti ola bilər.
/AzPolitika.info/