Gürcüstan AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini dayandırdı


Gürcüstan hökuməti Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin fəaliyyətini dayandırdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze yerli “İmedi TV” telekanalında iştirak etdiyi proqramda AŞPA-nın Gürcüstanda parlament seçkilərinin yenidən keçirilməsini nəzərdə tutan fərmanı qəbul etməsinə münasibət bildirib.

Kobaxidze qeyd edib ki, onlar artıq Gürcüstan parlamenti nümayəndə heyətinin AŞPA-da işləməsini məqsədəuyğun hesab etmirlər və bu səbəbdən də nümayəndə heyətinin fəaliyyətini dayandırmaq qərarına gəliblər.

Kobaxidze deyib: "Təbii ki, belə bir vəziyyətdə bizim nümayəndə heyətimiz artıq Avropa Şurası Parlament Assambleyasında işini davam etdirmək niyyətində deyil və fəaliyyətini dayandırır. Bu nümayəndə heyəti Gürcüstan parlamenti tərəfindən geri çağırılacaq".

AŞPA öz ölkəsinə münasibətini dəyişmədikcə sözügedən qərarın qüvvədə olacağını qeyd edən Kobaxidze Gürcüstanın AŞPA üzvlüyünün davam edəcəyini bildirib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili X hesabında verdiyi açıqlamada AŞPA-nın qərarını gürcü xalqının demokratik iradəsinə zidd addım kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ