Suriyanın yeni prezidenti ELAN EDİLDİ


Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) ölkənin keçid dövrü üçün prezidenti elan edilib.

Turkustan.az bu barədə Suriyanın SANA dövlət agentliyinə istinadən xəbər verir.

Ölkənin yeni hakimiyyət orqanları əvvəlki konstitusiyaya xitam verildiyini və parlamentin buraxıldığını bəyan ediblər. Bütün təhlükəsizlik xidmətləri və silahlı qüvvələr ləğv edilib.

"Suriyanın prioritetləri hazırda hakimiyyət boşluğunu doldurmaq, vətəndaş sülhünü qorumaq, dövlət institutlarını qurmaq, ölkənin iqtisadi inkişafı üçün zəmin yaratmaq üçün çalışmaq və Suriyanın beynəlxalq və regional səviyyədə öz statusuna qaytarılmasıdır", - açıqlamada bildirilir.

Prezidentin səlahiyyətləri Suriyada yeni konstitusiya qəbul olunana qədər davam edəcək. 2012-ci il konstitusiyasına xitam verilib. Ölkə hakimiyyəti keçmiş prezident Bəşər Əsədin dövründə qəbul edilmiş bəzi qanunları da ləğv edib. Dekabrın 8-i Suriyada “Böyük Suriya İnqilabı”nın qələbə günü elan edilib.

Baas Partiyasının Suriya qolu buraxılıb. Partiya 1963-2024-cü illərdə ölkəyə rəhbərlik edib. Başqa ad altında partiyanın yenidən yaradılması qadağan olunub.


MANŞET XƏBƏRLƏRİ