Zelenski üçün SON AKKORDLAR – Ukraynalılar Zalujnını hakimiyyətə ÇAĞIRIR...


Ukrayna prezidenti Volodimir Zelenski üçün yolun sonu göründü. Rusiya-Ukrayna münaqişəsinin əsas katalizatoru ABŞ Donald Trampın gəlişi ilə oyundan çıxır. ABŞ-ın oyundan çıxması təbii ki, Avropa ölkələrini də seçim qarşısında qoyacaq. Yəqin ki, ən yaxın zamanda Avropa dövlətləri bu məsələ ilə bağlı öz mövqelərini 180 dərəcə dəyişəcək.

Bu azmış kimi Zelenskini Ukrayna xalqı daha əvvəlki kimi dəstəkləmir. Bunu son zamanlar keçirilən sosial sorğuların da nəticələri də sübut edir.

Zelenski nüfuzunu itirir

"Socis" tədqiqat şirkəti bu günlərdə keçirdiyi son sorğuların nəticələrini açıqlayıb. Sorğunun nəticələrinə görə, Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı və bu ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov prezident Vladimir Zelenskini etibar reytinqində üstələyiblər.

Zalujnı Ukrayna vətəndaşlarının demək olar ki, 72%-nin etimadını qazanıb. (34,9%-i “İnanıram”, daha 36,7%-i “Mən ona daha çox güvənirəm” variantını seçib). Budanova respondentlərin 46,7%-i (17,3% və 29,4%), Zelenskiyə isə 40,8% (16,2 və 24,6%) etimad göstərib.

Eyni zamanda, sorğuda iştirak edənlərin 23,7 faizi Zalujnıya, 42,7 faizi Budanova, 56 faizi isə Zelenskiyə etibar etmədiyini açıqlayıb.

Göründüyü kimi, Ukraynalıların tam əksəriyyəti Valeriy Zalujnını dəstəkləyir. Bu da təsadüfi deyil. Çünki sabiq baş komandan həm xalq, həm də Qərbin siyasi dairələrində böyük nüfuz sahibidir.

Zalujnı kimin layihəsidir?

Bizim.Media hələ bir il əvvəl yazmışdı ki, Qərb Zalujnını Zelenskiyə ən optimal varis kimi görür.

Hələ o zaman Zalijnı baş komandan idi. Amma o dövrdə Zelenski ilə Zalujnının arasında ciddi fikir ayrılığı vardı. 2023-cü ilin sonlarından başlayaraq Qərb Zelenskiyə təzyiq etmək üçün generaldan istifadə edirdi. Çünki Zalujnı da Qərbə meyillənirdi. Üstəlik, cəbhə bölgəsindəki uğursuzluq üçün o bir qayda olaraq Qərbi yox, Zelenskini günahlandırırdı. Bu da Qərbin tam istədiyi məsələdir.

Xatırladaq ki, 2023-cü ilin dekabrın 20-də Zalujnı Ali Radanın iclasında deputatları çox sərt şəkildə tənqid etmişdi. O deputatların da orduya çağırılmasını zəruri hesab etmişdi.

Məhz bu və digər səbəblərdən Qərb Zalujnıya hər zaman ehtiyat variant kimi baxırdı. Bunu Zelenski də yaxşı bilirdi. Ona görə də Zelenski 2024-cü ilin fevral ayının əvvəllərində Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnını vəzifəsindən azad etdi.

Zalujnı üçün revanş məqamı

Zalujnı vəzifəsindən kənarlaşdırılsa da, o cəmiyyətdə öz nüfuzunu saxlayır. Vəziyyətdən çıxış yolu kimi Zelenski bir müddət sonra onu Böyük Britaniyaya səfir göndərdi. Əslində bu siyasi sürgün idi.

Amma son sorğunun nəticələri göstərir ki, vətəndən uzaqda olsa da, general xalq arasında öz nüfuzunu saxlayır.

Qeyd edək ki, Zalujnının geniş maddi imkanları da var. Tək bir faktı deyək ki, 2023-cü ilin yanvarında “The New York Times” yazmışdı ki, Zalujnıya “Microsoft”-da işləyən və proqram təminatı ilə məşğul olan Ukrayna əsilli amerikalı Qriqori Stepanetsdən böyük miras qalıb.

Zalujnı 16 dekabr 2023-cü ildə hüquq üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb. SSRİ-də xidmət etməyən Ukrayna yüksək rütbəli zabitlərinin nümayəndəsi kimi o orduda və Ukraynada, eləcə də Qərbdə böyük nüfuz sahibidir. Ona görə də Zalujnını Qərbin ehtiyat oyunçusu hesab etmək olar.

Tramp Zelenskini ticarətçi hesab edir.

Görünən odur ki, Zelenskinin vəziyyəti heç zaman olmadığı qədər ağırdır. Çünki ABŞ prezidenti Donald Tramp hələki Zelenskini qəbul etmir. Hətta o andiçmə mərasiminə də dəvət olunmadı. Halbuki, Tramp hələ bir il əvvəl demişdi ki, Ukrayna prezidenti Volodimir Zelenski tarixin ən böyük ticarətçisidir.

“Hər dəfə o, (Zelenski nəzərdə tutulur) ABŞ-a gələndə 50 və ya 60 milyard dollarla çıxıb gedir. Mən bunu heç vaxt bacarmamışam. O, məndən yaxşı ticarətçidir".

Təbii ki, Zelenskinin siyasi taleyində ABŞ prezidentinin mövqeyi əsas olacaq. Əgər Tramp bir il əvvəlki fikrində qalarsa, onda Zelenski üçün hər şey bitib.


MANŞET XƏBƏRLƏRİ