Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz


Ukraynaya 50 minə qədər hərbçi göndərilməsi yenidən gündəmdə - Amma ABŞ-sız riskə getmir

Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını ilk dəfə səsləndirməsindən bir il keçməmiş Avropa ölkələri bu məsələni ciddi şəkildə nəzərdən keçirir. Düzdür, söhbət müharibəni dayandırmaq üçün mümkün razılaşmadan sonra sülhməramlı kontingent üçün əsgərlərdən gedir. Yalnız söhbət təxminən 40-50 min hərbçidən gedir. Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumunda “ən azı 200 min" hərbçi zərurətini səsləndirmişdi.

“Financial Times” və “Politico” diplomatlara və müzakirə iştirakçılarına istinadən yazır ki, bütün ölkələr Ukraynaya öz əsgərlərini göndərməyə hazır deyil, lakin bununla bağlı danışıqlar ciddi şəkildə aparılır. Onları ABŞ-da prezident seçkilərində Ukraynadakı müharibəni tez bir zamanda dayandırmağa hazır olduğunu bəyan edən Donald Trampın qələbəsi stimullaşdırıb. Eyni zamanda, Tramp sonrakı təhlükəsizliyi təmin etmək üçün Amerika qoşunlarından istifadə etmək istəmədiyini nümayiş etdirib. Lakin ABŞ-ın dəstəyi olmadan, ən azı logistika və kəşfiyyat sahəsində sülhməramlı missiya qeyri-real görünmür.

Həmçinin missiya müstəqil olmalı və NATO əməliyyatının bir hissəsi olmamalıdır. “Financial Times” yazır ki, bu missiya Cənubi Koreya və ya Kosovodakı əməliyyat modeli əsasında təşkil oluna bilər.

1999-cu ildən Kosovoda ABŞ-ın rəhbərlik etdiyi “sülhməramlı əməliyyat”da iştirak edən KFOR hərbi qruplaşması serb qoşunlarının hərəkətləri nəticəsində itki verib. Amma bu, NATO-nun Serbiya ilə müharibə vəziyyətində olması demək deyil. Oxşar məntiq Ukraynadakı stabilləşdirmə qüvvələrinə də şamil oluna bilər ki, onlar Rusiya qoşunlarının hücumu ilə üzləşəcəklər. Cənubi Koreyaya gəlincə, orada böyük Amerika kontingenti var, lakin döyüşləri Cənubi Koreya qoşunları aparır.

Çərşənbə günü Davosda keçirilən Dünya İqtisadi Forumunda Zelenski avropalıları təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya ən azı 200 min əsgər göndərməyə çağırıb. Bundan sonra “Bloomberg”ə müsahibəsində o, təkcə Avropa qoşunlarının kifayət etməyəcəyini – Amerika qoşunlarına da ehtiyac olduğunu deyib: “Bəzi avropalı dostlar bunun mümkün olduğunu düşünsələr də, bir çoxları mümkün olmadığı qənaətindədirlər. Təbii ki, ABŞ olmadan heç kim hərbi missiya göndərməyə risk etməyəcək”.

Ukraynaya qoşun göndərmək ideyasının gündəmə gəlməsində əsasən Böyük Britaniya ilə Fransa daha aktivlik nümayiş etdirir. Bir müddət əvvəl "Le Monde” mənbəsinə istinadən yazmışdı ki, Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukrayna və ümumilikdə Avropa təhlükəsizliyinə yönəlmiş Avropada güclü müttəfiqlər qrupunun yaradılması məqsədi ilə danışıqlar davam edir. Öz növbəsində Fransanın xarici işlər naziri Jan-Noel Barro Londona səfəri zamanı, ötən ilin noyabrın 23-də BBC-yə müsahibəsində Qərb müttəfiqlərini Ukraynaya dəstək məsələsində "qırmızı xətlər qoymamağa” çağırmışdı. Fransız qoşunlarının oraya göndərilməsinin mümkünlüyü barədə suala o, belə cavab vermişdi: "Biz heç bir variantı istisna etmirik”.

Xarici ekspertlər bildirirlər ki, London və Parisin Ukraynaya qoşun göndərmək niyyəti Rusiya tərəfindən heç də sakit qarşılanmayacaq. Gözləniləndir ki, Moskva bunun qarşılığını verəcək. Bu isə eskalasiyanın yüksəlməsinə və nəticədə ABŞ-ın ciddi addımlar atmasına gətirib çıxara bilər. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ