NATO Ukraynaya iki növ təhlükəsizlik zəmanəti təklif edəcək


Variantlardan biri Şimali Atlantika Müqaviləsi 5-ci maddəsinin Ukrayna ərazisinə qədər uzadılmasını nəzərdə tutur.

Turkustan.az xəbər verir ki, NATO ölkələri Rusiya ilə “sülh razılaşması” müqabilində Ukraynaya sözdə təhlükəsizlik zəmanəti üçün iki variant təklif etmək istəyir. Bu barədə Amerikanın "Foreign Policy" jurnalına yüksək rütbəli Qərb rəsmisi məlumat verib.

Onun sözlərinə görə, birinci variant ondan ibarətdir ki, alyans ölkələri “atəşkəs razılaşmasından sonra uzun illər” Ukraynaya əhəmiyyətli hərbi və iqtisadi yardım göstərəcəklərini vəd edəcəklər. Bu plana əsasən, Kiyevə bəlkə də nə vaxtsa NATO-ya üzv olmağa icazə veriləcək.

Təhlükəsizlik təminatlarının ikinci variantı Şimali Atlantika Müqaviləsi NATO-nun bir üzvünə hücumun hamıya hücum hesab edilməsi müddəasını özündə əks etdirən 5-ci maddəsinin Ukrayna ərazisinə də şamil edilməsini nəzərdə tutur. Bu halda, nəşr qeyd edir ki, “Qərb Ukraynanı öz nüvə çətiri altına alacaq, Avropa, ABŞ və Kanada isə Ukraynanı qorumağa borclu olacaq”.

Nəşrdə Ukrayna ərazisi dedikdə nə nəzərdə tutulacağı və NATO müqaviləsinin müddəalarından yalnız birinin Ukrayna hərbi bloka qoşulmadan ona necə şamil ediləcəyi açıqlanmır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ