ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni dayandırması üçün Rusiyaya çağırışı diqqət çəkib.
Tramp Rusiya Prezidenti Vladimir Putinin dövlət idarəçiliyini tənqid edib və müharibəni uğursuz şəkildə 3 ilə yaxındır uzatdığını bildirib. O, Putinin sülh razılaşmasından yayınmaqla ölkəni məhv etdiyini, iqtisadiyyatın çöküşdə olduğunu söyləyib. Ağ Ev rəhbəri hətta Kremli sanksiyalarla təhdid edib.
Trampın bu çağırışı Moskvaya ultimatum kimi də dəyərləndirilir.
Rusiyanın Ukrayna məsələsində ABŞ-la razılaşmanı rədd etməsi nə ilə nəticələnəcək? Bu halda Trampın müharibəni bitirmək üçün “B” planı varmı?
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Tramp həm Moskva, həm də Kiyevə təkliflər göndərməklə yanaşı, təhdidlər səsləndirəcəyini öncədən bildirmişdi:
“Fikrimcə, bu, doğru taktikadır. Çünki əks təqdirdə hər iki tərəfi danışıqlar masasına gətirmək mümkün olmayacaqdı. Ümumiyyətlə, həm Rusiya, həm də Ukrayna danışıqlara əli güclü halda getmək istəyir. Elə onların maksimalist bəyanatları da bunu deməyə əsas verir.
Fərhad Məmmədov
Tramp da öz növbəsində sözügedən görüşlərə hazırlıq kimi özünəməxsus maksimalist mövqeyini sərgiləyir. Ağ Ev rəhbərinin danışıqlar üçün atdığı bu addım çox yaxşıdır. Hətta Putinlə Trampın müzakirəsi belə, güclü tərəflə zəif tərəfin danışığını xatırladacaq”.
Politoloqun sözlərinə görə, Rusiyanın tələbləri çoxdur və Tramp bunun qarşısını almaq üçün elə sərt bəyanatlar verir:
“ABŞ prezidenti açıq şəkildə deyir ki, Rusiyanın mövqeyi zəifdir. Danışıqlar alınmas, ya da müzakirə sonrası proseslər dalana dirənərsə, Tramp günahkarı müəyyən edib onu cəzalandıracaq. Bu Ukrayna da ola bilər, Rusiya da”.