İraq parlamenti yanvarın 21-də azyaşlıların nikahını faktiki olaraq qanuniləşdirən qanun qəbul edib.
Turkustan.az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.
Dəyişiklik ölkədə İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədən evlilik və boşanmada yeni səlahiyyətlər verir.
İraqda əksər hallarda evlənmək üçün minimum yaş həddi 18 yaş müəyyən edilib. Bununla belə, dəyişikliklər din xadimlərinə “İslam qanunlarını şərhlərinə uyğun olaraq” qərar qəbul etməyə imkan verəcək. Din xadimlərinin bəziləri hesab edir ki, qızlar “erkən yeniyetməlik çağında” və ya doqquz yaşından ərə gedə bilərlər.
Fəallar deyirlər ki, bu dəyişikliklər İraqın 1959-cu ildə qəbul edilmiş, ailə hüququnu birləşdirən və qadınların müdafiəsini təmin edən Şəxsi Həyat Qanununu pozur. Dəyişikliklərin tərəfdarları, o cümlədən mühafizəkar millət vəkilləri qanunun “islam prinsiplərinə uyğunlaşdırıldığını” və bunun İraq mədəniyyətinə “Qərb təsirini” azaldacağını iddia edirlər.
BMT-nin 2024-cü ilə dair məlumatlarına görə, İraqda qadınların təxminən 28%-i yetkinlik yaşına çatmamış evlidir. Qanun qəbul olunmazdan əvvəl dini liderlər atanın icazəsi ilə qızlarla nikahı qeydə ala bilirdilər. Eyni zamanda, belə bir evlilik rəsmi hesab edilmirdi. /Modern.az/