ABŞ prezidenti Donald Trampın Avropa mallarına gömrük rüsumları tətbiq etmək niyyəti ilə bağlı Brüssel və London bir neçə aydır ki, müxtəlif ssenarilərə hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, rəsmilər Trampı Avropa ixracatına rüsum tətbiq etməməyə inandıra biləcəklərinə ümid edirlər, lakin eyni zamanda cavab rüsumları da daxil olmaqla, bütün cavab tədbirlərinə hazırdırlar.
Bundan əlavə, Böyük Britaniyanın baş naziri Key Starmer də daxil olmaqla, Avropa liderləri Ukraynaya dəstək yükünü daşımağa və Trampla gələcək müqavilələr üzrə danışıqlara hazır olduqlarını nümayiş etdirmək üçün planlar hazırlayırlar.
Bundan əvvəl Tramp Brüsselin ABŞ-dan neft və qaz alışının həcmini artırmayacağı təqdirdə Aİ-yə qarşı idxal rüsumlarının artırılması ilə bağlı niyyətini açıqlamışdı. "Mən Avropa İttifaqına dedim ki, o, ABŞ-la ticarət münasibətlərində böyük kəsiri bizim neft və qazın alışını əhəmiyyətli dərəcədə artırmaqla doldurmalıdır. Əks halda, o, tam tariflərlə üzləşəcək!" – Tramp bunu "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Aytən Yaşar/ Turkustan.az