Ya atəşkəs, ya daha ağır sanksiyalar: Tramp Putinə bunu təklif edəcək


Donald Trampın prezident olaraq Ukraynadakı müharibə ilə bağlı atacağı addımlar bütün dünyanı maraqlandıran başlıca məsələlərdən biri olaraq qalır. O, prezident kreslosuna əyləşdikdən sonra Ukrayna mövzusunda ilk açıqlamasında bildirdi ki, Zelenski sülhə hazırdır, Putin isə yox.

Onun sözlərinə görə, Putin sülhə razılıq verməməklə Rusiyanı məhvə aparır: “Onun işləri yaxşı getmir və bu, onu sevindirə bilməz... Çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdü, amma artıq üç ildir davam edir... Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq...”

Trampın bu açıqlaması nədən xəbər verir? Münaqişənin hansı nəticəylə bitməsi daha realdır? Politoloq Şahin Cəfərlinin fikrincə, Tramp-Putin görüşündən və iki ölkə nümayəndələrinin təmaslarından sonra Ukrayna məsələsində anlaşma əldə etməyin mümkün olub-olmayacağı barədə təsəvvür yaranacaq: “Rusiyanın hazırkı mövqeyi onu deməyə əsas verir ki, razılığa gəlmək olduqca çətin məsələdir. Çünki əvvəla, Rusiyanın Ukraynada müharibəni dayandırmaqla bağlı şərtləri çox ağırdır və Tramp nə qədər müharibəni tez bitirmək istəsə belə, bu şərtlərlə razılaşması mümkün görünmür. Əlbəttə, istənilən tərəfin maksimalist mövqeyi danışıqlar öncəsi taktika da ola bilər və masada geri addım atılması, güzəşt ehtimalı hər zaman var. Amma məsələ burasındadır ki, Rusiya tərəfi müzakirələrin təkcə Ukrayna ilə məhdudlaşmamalı olduğunu deyir. Putin hesab edir ki, ümumən “problemi doğuran səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır.

Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. 2021-ci ilin dekabrında Rusiya bu barədə təkliflərini ultimativ formada ABŞ və NATO-ya təqdim etmişdi. İndi belə görünür ki, Moskva müzakirələrin həmin mövzular əsasında aparılmasını istəyir”.

Politoloqa görə, Tramp əlbəttə ki, nə Avropanın dərdinə yanır, nə də Ukraynanın: “Amma ABŞ dövlətinin başçısı kimi Rusiyanın bu absurd tələbləri ilə razılaşması mümkün deyil. Həmin tələblərin nədən ibarət olduğu haqda müharibədən əvvəl geniş yazmışdım, aşağıda əlavə edirəm, maraqlananlar oxuya bilər. Qısaca deyim ki, reallıqdan uzaq, Putinin imperialist təxəyyülünün məhsulu olan məsələlərdən söhbət gedir.

Əgər Rusiya məqbul şərtlərlə atəşkəsə hə deməsə, ABŞ sanksiya rejimini daha da ağırlaşdıra bilər. Yeni maliyyə naziri Skott Bessent ehtiyac yaranarsa, Rusiya enerji sektoruna daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirərək Bayden hökumətini bu məsələdə zəif davranmaqda qınayıb”. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ