ABŞ prezidenti Donald Tramp 4 illik fasilədən sonra Ağ Evə qayıdıb. Andiçmə mərasimindən sonra Oval Ofisə gedən və orada bir çox fərman imzalayan Donald Tramp Co Baydenin ona məktub qoyub getdiyini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, bir jurnalist Trampa Baydenin ona məktub qoyub-qoymaması ilə bağlı sual verib. Tramp daha sonra siyirmələri açıb, üstündən karandaşla “47” yazısı olan zərfi tapıb və kameralara tərəf tutaraq zarafatla, “Bəlkə hamımız birlikdə oxuyaq”, deyib.
O əlavə edib ki, ictimaiyyətlə bölüşmək qərarına gəlməzdən əvvəl onun məzmununu özəl oxuyacaq.
Ənənəvi olaraq ABŞ-da prezident səlahiyyətlərini təhvil verən şəxs yeni prezidentə məktub qoyur. Bu məktub ənənəsi 1989-cu ildə Ronald Reyqan öz varisi Corc Buşa əlyazma qeydi buraxdıqdan sonra başladı.
O vaxtdan bəri, bu məktublar hakimiyyətin keçidi zamanı xoş niyyətə çevrilir və tez-tez gələn prezidentə həvəs verir.
Corc Buşun 1993-cü ildə Bill Klintona yazdığı notda aşağıdakı ifadələr yer alırdı: "Sizin hazırkı uğurunuz ölkəmizin uğurudur. Mən sizi ürəkdən dəstəkləyirəm".
Aytən Yaşar/ Turkustan.az