Rusiya Prezidenti Vladimir Putin ancaq Ukraynanın təslim olması şərtinə əsasən ABŞ ilə danışıqlara hazırdır.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Mənbə xatırladır ki, yanvarın 20-də Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb. Toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrov və Putin Moskvanın ABŞ Prezidenti Donald Trampla sülh danışıqlarına hazır olduğunu təsdiqləyib.
Görüş zamanı Putin söyləyib ki, istənilən sülh yolu ilə nizamlanma münaqişənin əsas səbəblərini aradan qaldırmaq əsasında olmalıdır. Onun sözlərinə görə, bu, Rusiyanın tələblərinin yerinə yetirilməsini ehtiva edir.
“Putin və Lavrov da daxil olmaqla, yüksək vəzifəli Kreml rəsmiləri son həftələrdə dəfələrlə vurğulayıblar ki, Kreml 2021-ci ilin sonu - 2022-ci ilin əvvəlində Putinin irəli sürdüyü tələblər üzrə hər hansı kompromisləri nəzərdən keçirməkdən imtina edir. Bu tələblər arasında Ukraynanın daimi neytral statusu, NATO-ya üzv olmaması, Ukrayna ordusunun sayına ciddi məhdudiyyətlər qoyulması və Zelenski hökumətinin hakimiyyətdən uzaqlaşdırılması daxildir”, - ISW bildirir.
Bundan əlavə, Putin bəyan edib ki, 2021-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Co Bayden Ukraynanın NATO-ya üzvlüyünü 10-15 il təxirə salmağı təklif edib, amma bu, onun “NATO-nun hərəkətləri səbəbindən qaçılmaz” adlandırdığı Rusiyanın işğalına mane olmayıb./teleqraf.com