Tramp andiçmə mərasimindən sonra “fövqəladə vəziyyət” elan etdi


ABŞ prezidenti Donald Tramp enerji hasilatını artırmaq üçün Milli Enerji Fövqəladə vəziyyəti elan edib.

Turkustan.az xəbər verir ki,Tramp vəzifəyə gəldiyi ilk gündə bir çox sərəncam imzalayıb.
Bu kontekstdə Tramp enerji layihələri üçün icazə tələblərini asanlaşdıracaq və elektrik stansiyalarının tikintisini sürətləndirəcək Milli Enerji Fövqəladə Halının elan edilməsi haqqında fərmanı da imzalayıb.

Ağ Evin dərc etdiyi fərmanda ABŞ-ın enerjinin nəqli, emalı və istehsalının kifayət qədər olmamasının ölkə iqtisadiyyatı, milli təhlükəsizlik və xarici siyasət üçün “fövqəladə” təhlükə yaratdığı vurğulanıb.

Alyaskanın təbii sərvət potensialının üzə çıxarılmasını nəzərdə tutan fərmanı da imzalayan Tramp, ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən qüvvəyə minmiş ABŞ ərazi sularının böyük bir hissəsində neft və təbii qaz qazılmasını qadağan edən fərmanı ləğv edib.

Tramp həmçinin Bayden administrasiyasının bütün yeni avtomobil satışlarının yarısının 2030-cu ilə qədər sıfır emissiyalı avtomobillər olmasını və 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmağı hədəfləyən icra sərəncamlarını ləğv edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ