Suriyada Bəşər Əsəd rejiminin devrilməsi bir müddətdir zəiflədiyi deyilən İrana növbəti ağır zərbə kimi qiymətləndirilir. Paralel olaraq isə ABŞ və İsrailin Yaxın Şərqdə keçirdiyi əməliyyatlar nəticəsində “Hizbullah” və HƏMAS kimi proksilərə edilən hücumların onları tamamilə gücdən saldığı bildirilir.
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi isə Tehranda narahatlığı daha da artırıb. İrana qarşı kəskin mövqeyi ilə bilinən Trampın fəaliyyəti dövründə bu ölkəyə təzyiqləri artırması gözlənilir. Hətta ABŞ-ın birbaşa müharibə elan edəcəyi, hərbi əməliyyat əmri verəcəyi də istisna edilmir.
Tehran vəziyyətdən çıxmaq üçün nələr edəcək? Səsləndirilən proqnozlara uyğun olaraq Suriyadan sonra növbəti hədəf İrandır?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Trampın yenidən prezident seçilməsi ilə İrana qarşı hücumların artacağını proqnozlaşdıranlar heç də yanılmayıblar:
“Yeni seçilmiş prezidentin andiçmə mərasimi yaxınlaşdıqca, İrana qarşı ehtimal hücum haqqında söhbətlər də intensivləşir. Artıq ABŞ və İsrailin İranın nüvə obyektlərini hədəfə alacağını heç kim inkar etmir. Sadəcə Trampın kürsüyə oturması və hücumun həyat keçirilməsini gözləmək qalıb. Tehran hazırda ehtimal hücumun qarşısını almaq üçün yollar axtarır.
Bir tərəfdən öz silah-sursat arsenalını nümayiş etdirir, digər tərəfdən müttəfiqləri ilə münasibətlərini daha da möhkəmləndirir. Yanvar ayının ikinci on günlüyündə Rusiya ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalamasını buna misal göstərmək olar. Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və strateji əməkdaşlıq haqqında saziş imzalamaq üçün yanvarın 17-də Moskvaya səfər edəcək. Bu əməkdaşlıq eyni zamanda İranın xarici düşmənlərə qarşı mübarizədə Rusiya tərəfindən himayə olunmasını və müasir silahlarla təchiz edilməsini nəzərdə tutur”.
Əlimusa İbrahimov
Politoloq bildirib ki, məhz bu səbəbdən Təl-Əviv Tehranla Moskvanın daha da yaxınlaşmasını ciddi təhlükə kimi qiymətləndirir:
“Çünki İranın Rusiya istehsalı müasir silahlarla təchiz olunması ABŞ-ın bu ölkəyə hücumu təxirə salması ilə nəticələnə bilər. Digər tərəfdən Tehranın malik olduğu Rusiya raketləri təkcə İsrail üçün deyil, ABŞ-ın regiondakı qüvvələri üçün də ciddi təhlükə mənbəyidir. Bütün bunları nəzərə alsaq, səsləndirilən proqnozlara baxmayaraq Vaşinqtonun Tehrana qarşı hücumda hələ də tərəddüd etdiyini görürük. Tramp bu hücumu həyata keçirməzdən öncə dəfələrlə götür-qoy etməlidir”.