“Bizim əsas vəzifəmiz birliklər arasında seçim etmək deyil, iqtisadi sabitliyi artırmaqdır”
Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır. Birlikdən çıxmaq məsələsi hökumətin gündəmində deyil. Turkustan.az erməni mediasına istinadən bildirir ki, bu sözləri 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Avropa İttifaqına inteqrasiya prosesi paralel gündəmdir. Bizim əsas vəzifəmiz birliklər arasında seçim etmək deyil, iqtisadi sabitliyi artırmaqdır. Ermənistanın Aİ-də, Aİİ-də və ya başqa yerdə olmasının fərqi yoxdur”, - deyə nazir vurğulayıb.
Papoyan əlavə edib ki, “əsas məqsəd kompleks malların istehsalını inkişaf etdirmək, yüksək keyfiyyətli və rəqabətədavamlı xidmətlər göstərməkdir”.
Qeyd edək ki, Ermənistan hökuməti Avropaya inteqrasiya prosesinin başlan ması ilə bağlı qanun layihəsini təsdiqləyib. Xarici işlər naziri Ararat Mirzoyan xatırladıb ki, Aİ Ermənistana siyasi dəstək verir, o cümlədən Ermənistan-Azərbaycan sərhədində müşahidəçi missiyası var.
Eyni zamanda, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Aİİ və Aİ-yə eyni vaxtda üzvlük uyğun deyil. Çünki hər iki birlik gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkətini tələb edir.
Kreml bu mövqeyini mətbuat katibi Dmitri Peskov vasitəsilə təsdiqləyib. /AYNA/