Kalininqrad vilayəti ətrafında hərbi aktivlik müşahidə olunur. Vilayətdən cəmi 50 kilometr aralıda yerləşən Qdansk şəhərində tankların fəal şəkildə yerləşdirilməsi baş verir. Bununla yanaşı, Varşava ətrafı yollarda tank kolonlarının hərəkəti qeydə alınıb.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik məlumat yayıb.
“Silahlı qüvvələrin hərəkəti açıq şəkildə hiss olunur. Bu, birinci dəfə deyil və Polşa ərazisində böyük hərbi aktivlik var”, – o vurğulayıb.
Kolesnik həmçinin NATO-nun Litvanın Memel regionunda həyata keçirdiyi hərbi təlimlər və Latviyanın Prezidenti Edqars Rinkeviçsin dəniz yollarını bağlamaq çağırışlarını xatırladaraq, vəziyyətə ciddi yanaşmağın vacibliyini qeyd edib:
“Hazırda Kalininqrad vilayəti ətrafında mürəkkəb hərbi düyün formalaşır. Bu vəziyyət mürəkkəb qərarlar tələb edə bilər, hətta hipersəsli “Xəncər” raketlərindən istifadəyə qədər”.
O, Polşa ilə Litva arasında gərgin münasibətlərə toxunaraq, polyakların Vilnüsə olan tarixi iddialarını diqqətə çatdırıb. Kolesnik bildirib ki, bölgədəki gərginlik ciddi xarakter daşıyır, lakin Rusiya istənilən ssenariyə hazırdır.