Son günlər Rusiya-Ukrayna cəbhəsində vəziyyət bir qədər fərqli forma almağa başlayıb. Belə ki, ABŞ-ın yeni Prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə müharibənin qısa müddətdə, hətta 100 gün ərzində bitəcəyi deyilir, digər tərəfdən isə Rusiyanın məğlub tərəf kimi ayrılacağına işarə edən fikirlər də var.
Tramp Rusiyaya bu müharibənin nəticəsində güzəştə gedə bilərmi? Yoxsa “Putinin məğlubiyyəti” istiqamətində səsləndirilən fikirlərin əsası varmı?
Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, Rusiya-Ukrayna müharibəsi Trampın ABŞ-da prezident kimi fəaliyyətə başlamasından sonra müəyyən qədər səngiyə bilər:
“Onun seçki öncəsi səsləndirdiyi fikirlər, son günlər verdiyi bəyanatlar fonunda müharibənin müəyyən qədər sonlandırılması ehtimalının yüksək olduğunu görürük. Çünki müharibənin bitməsi ilə bağlı yeni ümidlər yaranıb. Ukraynaya Rusiya tərəfindən daha şiddətli hücumlar planlaşdırılır. Hazırda münaqişə daha kəskin hal almağa başlayıb. Lakin yanvar ayının ortalarından, yaxud da sonlarına doğru Trampın bu istiqamətdəki fərqli baxışları müsbət nəticə verəcək”.
Sahil Kərimli
Politoloqun sözlərinə görə, ABŞ və Rusiya müharibədən təngə gəlib:
“Tərəflər böyük itkilərlə üzləşib. Müharibənin uzadılması Trampın marağında deyil. Çünki ABŞ xeyli sayda maliyyə və texnika itirib. Buna görə də müharibənin tezliklə sonlandırılması ehtimalı yüksəkdir.
Müharibənin ilk günlərindən dünya ictimaiyyəti, beynəlxalq ekspertlər bildirirdilər ki, bu müharibənin qalibi olmayacaq. Rusiyanın siyasi və hərbi baxımdan müəyyən üstünlüklər əldə etməsinə baxmayaraq həm də böyük itkilər verib. Rusiya iqtisadiyyatı müharibə nəticəsində tətbiq olunan sanksiyalar səbəbindən tənəzzül vəziyyətindədir. Rəsmi Moskvaya müharibədən sonra hələ uzun müddət iqtisadiyyatını toparlamaqda çətinlik çəkəcək”.