Vladimir Zelenski ikinci dəfə prezidentliyə namizəd olmaq qərarına gəlib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Hələlik bu məlumat rəsmi olaraq təsdiq və ya təkzib olunmayıb: “İkinci müddətlə bağlı qərar qəbul edilib, 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkilərində qalib gəlmək şansı var”- deyə, media mənbələrdən sitat gətirir.
Teleqraf vurğulayır ki, hazırda Zelenskinin əsas rəqibi olan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının namizədliyini irəli sürməməsi Zeıenskinin şansını artırır. Nəşrin yazdığına görə, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib.
Qeyd olunur ki, hətta uğur qazansa belə, Zelenski artıq Ali Radada mono-çoxluq qazanmayacaq, o, koalisiya yaratmalı olacaq.
Bildirək ki, Zelenskinin prezident səlahiyyətləri 2024-cü il mayın 20-dən sonra rəsmən başa çatıb. Ölkədə hərbi vəziyyət olduğundan parlament və prezident seçkiləri keçirilmir.
Aytən Yaşar/ Turkustan.az