Sona Əliyeva: “102-ci baza Ermənistanda uzun müddət qalacaq”
Səxavət Məmməd: “Erməni tərəfi Rusiyanın maraqlarına zidd addımlar atır”
Ötən il dekabrın 30-dan rus sərhədçiləri Ermənistan-İran sərhədindəki Aqarak sərhəd-keçid məntəqəsini tərk edib. Bu, regiondakı sərhəd nəzarəti əməliyyatlarında mühüm dəyişiklik olduğunu göstərir.
Baş nazir Nikol Paşinyan elan edib ki, Aqarak məntəqəsinə tam məsuliyyət Ermənistan sərhədçilərinə keçib. Paşinyan vurğulayıb ki, rus sərhədçiləri Ermənistanın Sovet İttifaqından müstəqillik əldə etdiyi 1991-ci ildən bəri Aqarakda yerləşdirilmişdi. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, bu məntəqə Ermənistan-İran sərhədindəki yeganə rəsmi keçid nöqtəsidir.
Rus qüvvələrinin çıxarılması İrəvan və Moskva arasında ötən ilin oktyabrında, Paşinyanın Putinlə Kremldə keçirdiyi görüşdən sonra açıqlanan razılaşmaya əsaslanır. Bu addım həmçinin iyul ayında Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanını tərk etməsi ilə nəticələnən prosesin davamı sayılır. Əcnəbi sərhədçilər burada 1992-ci ildən bəri fəaliyyət göstərirdi.
Təbii ki, Ermənistanla mürəkkəb geosiyasi münasibətdə olan Azərbaycan İranla sərhəddəki hadisələri yaxından izləyir. Müşahidəçilərə görə, Ermənistanın sərhəd infrastrukturu üzərindəki nəzarətinin artması onun həm Azərbaycan, həm də İranla qarşılıqlı əlaqələrini yenidən formalaşdıra bilər. Azərbaycan üçün son dəyişikliklər, xüsusilə Cənubi Qafqaz regionundakı strateji ambisiyaları nəzərə alındıqda həm müəyyən çətinliklər, həm də imkanlar təqdim edir.
Qeyd edək ki, rus hərbçiləri Ermənistanın Azərbaycanla delimitasiya olunmuş Tavuş bölgəsindən də çıxıb.
Ermənistan hakimiyyətinin və Qərbdəki tərəfdaşlarının əsas hədəfi Rusiyanın Ermənistanda hərbi varlığını aradan qaldırmaqdır. Azərbaycanla delimitasiya olunmuş ərazidən, İrəvandakı aeroportdan və İranla sərhəddən çıxan rus hərbçiləri Ermənistanın Türkiyə ilə hüdudlarından da çıxacaqmı? Rusiya Ermənistanı tərk edirmi?
Bu arada Kremlin Cənubi Qafqaz doktrinasının dəyişdiyi haqda fərziyyələr də səslənir. Bu gediş nədən xəbər verir? Bəllidir ki, Rusiyanın Gümrüdə hərbi bazası, Erebunidə isə aviabazası var. Rusiyanın keçmiş forpostu Ermənistanda hərbi mövcudluğu doğurdanmı başa çata bilər?
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva rus qoşunlarının Ermənistan-İran sərhədini, “Aqarak”I tərk etməsində bir sıra səbəblər görür: “Rusiya hərbçilərinin Ermənistandan çıxarılması məsələsi hələ 2021-ci ilin əvvəlindən İrəvanın gündəmində idi. Həmin ilin əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan Moskva görüşündə istədiyini ala bilməyəndə Kremldən birdəfəlik üzdöndərmə yolunu tutdu. İlk olaraq rus sərhədçilərin "Aqaraq" və "Zvarnots"dan çıxarılmasını "Mənim addımım" fraksiyasının üzvləri dilə gətirdilər. "Rusiyanın 44 günlük savaşda Ermənistana kömək etməməsini" bəhanə gətirən Ermənistan cəmiyyəti ruslara qarşı od püskürməyə başladılar. Üstəlik o dövrdə Ermənistanda müxaliflər də Moskvaya küskün düşmüşdülər. Yəni, Paşinyan vəziyyətdən istifadə edərək rusların Ermənistan ərazisindən çıxması fikrini erməni cəmiyyətinin beyninə yeridə bildi. Ona görə də indi "bir-iki çatlaq səs" istisna olmaqla rusiyalı sərhədçilərin "Aqarak"ı tərk etməsinə "yox" demədi. Qərbə inteqrasiya yolunu tutmuş Nikol Vovayeviç üçün rus izini Ermənistandan təmizləmək uğurlu addım sayıla bilər.
Fəqət, rus qoşunlarının Ermənistan-İran sərhədini, “Aqarak”I tərk etməsinin başqa səbəbləri də var. Birincisi, rus hərbçilər narkotik vasitələrin İrandan Ermənistana keçirilməsinə böyük rüşvətlər müqabilində göz yumurdular. Nəticədə rus hərbçilər həm qanunsuzluqlara yol verir, həm də varlanırdılar. Bu narkotranzitdən Ermənistanın büdcəsi bir dram da xeyir görmürdü. İkincisi, qaçaqmalçı erməni işbazlar da rus hərbçilərinə rüşvət verməklə gömrük bəyannaməsindən yayınaraq o tərəfə və bu tərəfə mallar keçirir, xeyli vəsaitə yiyələnirdilər. Bundan da Ermənistan büdcəsi məhrum qalmışdı. Üçüncüsü, Qarabağın dağlıq hissəsindəki 4 illik fəaliyyətləri ərzində olduğu kimi Ermənistan-İran sərhədində də rusiyalı hərbçilər erməni qızlarını eyş-işrət predmetinə çevirmişdilər. Görünür, bu amil də Paşinyanın namus və qeyrət damarını silkələyən amillərdən olub.
İndi məsələyə Rusiyanın obyektivindən baxmağa çalışaq; birincisi, Rusiyanın Ukrayna cəbhəsindəki durumu o qədər də ürəkaçan deyil. Afrikadan, Qarabağdan, eləcə də Qazax bölgəsi ilə həmsərhəd erməni postlarını tərk edən ruslar Ermənistandakı 102-ci bazaya yox, birbaşa Donbas bölgəsinə aparıldı. Çıxarılan texnikalar da təcili şəkildə Ukrayna cəbhəsinə çatdırıldı. Ona görə də Kreml Azərbaycandan, Ermənistandan qoşunların çıxarılmasına bir o qədər də səs çıxara bilmir. Onlara texnika və canlı qüvvə bu gün hər şeydən önəmlidir. İkincisi, Rusiyadan kənarda sülhməramlı, sərhədçi, “peşəkar hərbçi” kimi qulluq edənlərin böyük əksəriyyəti rus oliqarxlarının övladları, qohumları və ya yaxınlarıdır. Putin administrasiyası həmin hərbçiləri “yerindən oynatmaqla” daxildə baş qaldırmağa can atan rus oliqarxların da ipini əlində saxlamağa çalışır. Üçüncüsü, Rusiyanın öz hərbçilərinin Ermənistandan çıxmasına indiki mərhələdə səssiz qalmasının əsas səbəbi “yerinə başqasının yerləşdirilməməsi” ilə bağlıdır. Əgər növbəti mərhələdə İrəvan rusları Qərb hərbçiləri ilə əvəzləsə qiyamət o zaman qopacaq. Hətta Putin 102-ci bazanı birbaşa İrəvana da yeridə bilər. Üstəlik, fransızlar və ya başqaları İranla sərhəddə yerləşdirilsə Nikol Paşinyanın fiziki məhvi də istisna olunmayacaq.
Dördüncüsü, "Aqarak"dan rusların çıxarılması hələ ki, Kremlin siyasi-hərbi varlığının Ermənistanı tərk etməsi anlamına gəlmir. Çünki Türkiyə-Ermənistan sərhədində hələ də rus hərbi varlığı mövcuddur. Türkiyə ilə sərhəddən rusların çəkilməsində Paşinyan da bir o qədər maraqlı deyil. Çünki sərhədlər bağlıdır və orada gömrük postları, narkotrafikdən gələn "qara pulların yuyulması" yoxdur. Rusiya azı 5 il də Ermənistanda qalacaq. Hadisələrin gedişatı onu göstərir. Rusiyanın Cənubi Qafqaz doktrinasını dəyişməsini də şaiyə hesab edirəm. Çünki rusların Cənubi Qafqaza baxışları ancaq Ukrayna ilə savaşın bitməsindən sonra dəyişə bilər. İndiki mərhələdə bu o qədər də inandırıcı görünmür. 102-ci baza KTMT amilinə görə Ermənistanda uzun müddət qalacaq. Ermənistan bu təşkilatdakı fəaliyyətini dondurub, tamamilə ləğv etməyib”.
Hərbi ekspert Səxavət Məmməd Rusiyanın Ukrayna cəbhəsində döyüşməsinin Ermənistanın əl-qolunu bir qədər açdığını qeyd etdi: “Ermənistan tərəfi ikinci Qarabağ müharibəsində uduzmaqlarına görə Rusiyanı günahkar bilir. 44 günlük müharibədən sonra Ermənistanda Rusiyanın hərbi bazalarının çıxarılması məsələsi gündəmə gəldi. Faktiki olaraq Rusiya sərhədçiləri Ermənistanla İran və Türkiyə arasındakı sərhədləri qoruması erməni tərəfinin əlini gücləndirirdi. Çünki Ermənistan tərəfi belə olduğu halda sərhədlərinə ayıracağı diqqəti orduya ayırırdı. Ermənistan həm maliyyəni, həm də şəxsi heyəti tam şəkildə orduya yönəldirdi. Rusiya sərhədçiləri öncə “Zvartnots” hava limanını tərk etdi, ardınca isə gözlənildiyi kimi İran sərhədini tərk edir. Azərbaycanla Ermənistan sərhədinin uzunluğnu nəzərə alsaq, qarşı tərəf sərhəd qoşunlarının sayını ciddi şəkildə artırmalıdır. Ermənistanın insan resursu eyni vaxtda həm güclü ordu, həm də öz sərhədlərini müdafiə edəcək səviyyədə sərhəd qoşunları saxlamağa imkan vermir. Ona görə də, Ermənistan tərəfi bunu silahlı təşkilatlarla kompensasiya etməyə çalışır. Ermənistan indiki məqamda Türkiyə ilə sərhəddən Rusiya sərhədçilərinin çıxmasını istəməyəcək. Ancaq Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi baş tutacağı təqdirdə, çox güman ki, gələcəkdə erməni tərəfi Rusiya sərhədçilərinin Türkiyə sərhədindən çıxmasını da istəyə bilər. Rusiya tərəfinə gəldikdə isə həm "Zvartnots", həm də İran sərhədindən çıxması rəsmi Moskvanı o qədər də narahat etmir. Əslində bu ruslar üçün əlavə yük də sayıla bilərdi. İranla sərhəddən rusların çıxması Rusiyanın Cənubi Qafqazla bağlı maraqlarına zərbə ola bilməz. İki ölkə arasında münasibətlər bunu deməyə əsas verir. Ancaq Rusiyanın Türkiyə sərhədindən çıxması o qədər də inandırıcı deyil. Çünki Türkiyənin Cənubi Qafqazda girə bilmədiyi tək ölkə Ermənistandır. Nə ruslar Türkiyə sərhədindən çıxmaq istəyəcək, nə də erməni tərəfi indiki məqamdan bunun arzusundadır.
Rusiyanın başının Ukrayna müharibəsinə qarışması Ermənistanın əl-qolunu açıb. Xüsusilə hərbi yöndən erməni tərəfi Rusiyanın maraqlarına zidd addımlar atır. Ancaq Rusiya tərəfinin Ermənistandakı hərbi bazalarını çıxaracağı indiki məqamda gözlənilən deyil. Çünki, bu Rusiyanın Cənubi Qafqazla bağlı maraqlarına ağır zərbə olar. Rusiya üçün Ermənistandakı hərbi mövcudluq çox önəmlidir. Nəzərə almaq lazımdır ki, Ermənistan həm İran, həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstanla həmsərhəddir. Bu da kiçik dövlət olsa da, Ermənistanın əhəmiyyətini artırır. Əslində Qərbin də Ermənistanda hərbi mövcudluğunu qurmaq istəməsi bununla bağlıdır”. /musavat.com/