2025-ci illə bağlı gözlənilməz proqnoz – Azərbaycanı və dünyanı nələr gözləyir?


2025-ci il gələr-gəlməz istər siyasətçilər, istər politoloqlar, istərsə də sıravi insanlar müxtəlif proqnozlar verməyə başladı. Belə ki, əksəriyyət bu ilin ötən ildən daha çətin keçəcəyini və yeni münaqişələrin yaranacağını düşünür.

Əslində, bu il bizi nələr gözləyir?

Globalinfo.az mövzu ilə bağlı sorğu keçirib.

Politoloq Vəli Əlibəyov ilk növbədə qlobal məsələlərlə bağlı gözləntilər barədə danışıb:

“Beynəlxalq səhnədə müşahidə etdiyimiz gərginlik 2025-ci ildə də davam edəcək. Bu, neçə ilin prosesidir və önümüzdəki ildə səngiyəcəyini düşünmürəm. Bilirik ki, gərginliyin səbəbi super güclərin bir-biri ilə olan mübarizəsidir. Eyni zamanda həmin dövlətlərin iştirakı ilə yeni diplomatik təşəbbüsləri görə, həmçinin dünyada formalaşmış siyasi və hərbi alyanslarda dəyişikliklərin şahidi ola bilərik. Çinlə ABŞ arasında da mübarizə davam edəcək. Burada təkcə iqtisadi yox, Asiya Sakit okean regionundakı təhlükəsizlik məsələləri də bu müddət ərzində öz aktuallığını tapacaq. Tayvan o gərginliyin əsas nöqtələrindən biri olacaq”.

veli elibeyov

Vəli Əlibəyov

V.Əlibəyovun fikrincə, Avropa İttifaqı (Aİ) daha çox qərar qəbulunda səlahiyyət əldə etməyə çalışacaq:

“Bilirik ki, Avropa İttifaqının ABŞ-ın təsiri altında fəaliyyət göstərildiyi deyilir. Lakin Aİ bundan yaxa qurtarmağa çalışacaq. Yaxın Şərqdə dövlətlər arasında diplomatik təşəbbüslər ortaya çıxacaq.

Suriyaya toxunmaq istərdim. Deməli, məlumdur ki, Bəşər Əsəd devrildikdən sonra ora da stabilləşməyə doğru gedir. Yəni Suriyada 2025-ci ildə siyasi sabitləşməni görə bilərik. Amma bunun asan keçəcəyini demək olmaz. Orada vəziyyətin birmənalı olmadığını hər kəs bilir. Sirr deyil ki, Suriyada müxtəlif qüvvələr var. Rusiya ilə İranın da Suriyadan asanlıqla əl çəkməyəcəyini deyə bilərik. Ukrayna məsələsi də aktualdır”.

b2bdab10 a49d 11ef a4fe a3e9a6c5d640.jpg

Politoloq Donald Trampın yaxın günlərdə artıq prezident səlahiyyətlərinin icrasına başlayacağını xatırladıb:

“Tramp çalışacaq ki, onun hakimiyyəti dövründə Ukrayna məsələsi həll olunsun. Dünən Volodimir Zelenski qeyd deyib ki, o, Amerika Administrasiyasının verdiyi qarantlar əsasında Rusiya ilə danışıqlar masası arxasına keçməyə hazırdır. Ola bilsin Rusiya-Ukrayna müharibəsi ilə bağlı müəyyən dəyişikliklər yaşandı. Rusiyaya qarşı iqtisadi sanksiyalar yenə də davam edəcək. Amma düşünmürəm ki, 2025-ci ildə biz Rusiya-Ukrayna müharibəsinin tam həllini görə bilək. Savaş hələ də davam edəcək. Lakin ABŞ-ın bu münaqişənin həllində rolunun artacağını görəcəyik. Bayden hakimiyyətindən fərqli olaraq Tramp hakimiyyəti təkcə Rusiya yox, eyni zamanda sülhün əldə olunması üçün Ukrayna hakimiyyətinə də təsirlərini çoxaldacaq”.

Politoloq Cənubi Qafqazla bağlı danışıb:

“Bizi burada maraqlandıran əsas məsələ Bakı-İrəvan arasında sülh müqaviləsinin bağlanıb-bağlanılmayacağıdır. Bunu birmənalı demək hələ ki, tezdir. Çünki bildiyimiz kimi, sülh müqaviləsinin imzalanması təkcə iki dövlətdən yox, həm də kənar dövlətlərdən asılıdır. Ermənistan Fransa və ABŞ-ın təsiri altındadır. Beynəlxalq səhnədəki situasiyadan asılı olaraq rəsmi İrəvan sülh müqaviləsini imzalamağa hazırlığını göstərəcək. Fikrimcə, Ermənistan zamanla başa düşür ki, sülh sazişi bağlanılmalıdır. Bəlkə də 2025-ci ilin ikinci yarısında biz sülh müqaviləsinin nəhayət imzalanacağını görə bilərik. Amma yenə də deyirəm, beynəlxalq münasibətlərdəki vəziyyətdən də çox şey asılı olacaq. Ümumiyyətlə, 2025-ci ildə hansısa konfliktin tam həll olunmasını demək çətindir. Hətta Şimali Atlantika bloku ilə Rusiya arasında da lokal toqquşmaların olacağını bu il gözləmək olar”.

elvin baxsalizade 131

Elvin Baxşəlizadə

Siyasi şərhçi Elvin Baxşəlizadənin fikrincə, 2025-ci il dünya siyasəti üçün vacib və maraqlı illərdən biri olacaq:

“Donald Tramp 20 yanvar tarixindən etibarən öz vəzifəsinin icrasına başlayacaq. Onun atacağı addımlar, verəcəyi qərarlar bütün dünyaya öz təsirini göstərəcək. Bundan başqa Rusiya-Ukrayna savaşının gedişatı, Suriyanın gələcək taleyi, Fransanın Afrika qitəsində nüfuz itirməsi gündəmin əsas müzakirə mövzuları olacaq. Ölkəmizin də yerləşdiyi Cənubi Qafqaz regionuna gəldikdə isə, burada da maraqlı siyasi proseslər gözlənilir. Gürcüstanda müxalifət artıq bir neçə həftədir böyük mitinqlər keçirir. Böyük ehtimalla qonşu ölkə 2025-ci ildə yeni seçkiyə gedəcək. Gürcüstanın sabitliyi bizim üçün kifayət qədər vacib məsələdir. Bu baxımdan qonşu ölkədə baş verənləri diqqətdə saxlamalıyıq”.

20220913040954 pacific centered world map with magnified azerbaijan flag map azerbaijan 292608 456

E.Baxşəlizadə deyib ki, 29 yanvarda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri də ilin vacib siyasi hadisələrindən biri hesab olunur:

“İnanıram ki, xalqımız bu prosesdə aktiv şəkildə iştirak edəcək. Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması da 2025-ci ildə ehtimal olunan mühüm hadisələrdən biridir. Artıq bu istiqamətdə böyük məsafə qət edilib. Ümid edək ki, bu il iki ölkə arasında gözlənilən böyük sülh sazişi nəhayət, imzalanacaq və bölgəmiz rifah, inkişaf mərkəzinə çevriləcək”.


MANŞET XƏBƏRLƏRİ