Bayden əksər ərazilərdə qazıntı işlərini qadağan edib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də and içməsinə günlər qalmış Bayden yeni neft və təbii qaz quyularının qazılmasının qarşısını almaq üçün 2 memorandum imzalayıb.
Ağ Evdən verilən açıqlamaya görə, Bayden qadağalar çərçivəsində Berinq dənizinin şərq və qərb sahilləri və Meksika körfəzinin şərq sularında qazıntı işlərinin olmayacağını bildirib.
Qadağalar çərçivəsində 253 milyon hektardan çox su sahəsinin qazıntıdan qorunacağını qeyd edən Bayden, bu qərarın ABŞ-ın iqlim siyasətlərinə uyğun olduğunu vurğulayıb.
Trampın ilk dövründə şirkətlərə bölgənin bəzi ərazilərində neft və qaz axtarışına icazə verilib və bu, ekoloqların reaksiyasına səbəb olub.
Qeyd edək ki, ABŞ-ın 47-ci prezidenti seçilən Tramp seçki kampaniyası zamanı enerji hasilatını artırmaq və enerji qiymətlərini aşağı salmaq üçün qazıntı işlərini təşviq edəcəyini dəfələrlə bəyan edib.
Aytən Yaşar/ Turkustan.az