Rusiya Müdafiə Nazirliyi bazar ertəsi səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərini tamamilə nəzarətə götürdüyünü açıqlayıb. Açıqlamada bildirilir ki, bu, “Donbasın cənub-qərb hissəsindəki ən böyük yaşayış məntəqəsidir”.
Müharibədən əvvəl şəhərdə 19 minə yaxın insan yaşayırdı. Bu, Selidovonun işğal edildiyi 2024-cü ilin oktyabr ayının sonundan bəri Rusiya tərəfinin tutulduğunu elan etdiyi Ukraynanın ən böyük şəhəridir. O vaxtdan Kuraxovo uğrunda şiddətli döyüşlər davam edir, rus qoşunları şəhərə üç tərəfdən - şərqdən, şimaldan və cənubdan hücumlar təşkil edib.
Ukrayna hərbçiləri şəhərin itirilməsini rəsmən təsdiqləməyib. Bununla belə, cəbhə xəttindəki dəyişiklikləri izləyən “DeepState” analitik layihəsi Kuraxovun böyük hissəsinin Rusiyanın nəzarətində olduğunu etiraf edir. Bunu şəhərdə internetdə yayılan Rusiya bayraqlarının foto və videoları da sübut edir.
Döyüşlər hazırda fəaliyyət göstərməyən Kuraxovskaya Dövlət Rayon Elektrik Stansiyasının yerləşdiyi qərb hissəsində davam edir. Bu stansiyanın avadanlıqları əvvəllər sökülərək Ukraynanın arxa bölgələrinə daşınıb.
Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Kuraxovo ələ keçirildikdən sonra Rusiya qoşunları əməliyyat məkanına daxil olub. Cəbhədən gələn məlumatlar rus ordusunun irəliləyiş əldə etdiyini göstərmir. Bununla belə, onlar hücum əməliyyatlarını davam etdirirlər və Ukrayna mənbələrinin etiraf etdiyi kimi, gündə bir neçə kvadrat kilometr ərazini işğal edirlər. İndi əsas hərbi əməliyyatlar Kuraxovun şimal-qərbində, daha böyük Pokrovsk şəhərinə yaxınlaşmaqla aparılır. Bundan başqa, Rusiya hərbçiləri bir sıra istiqamətlərdə bir neçə kilometr aralıda yerləşən Dnepropetrovsk vilayətinin inzibati sərhədinə doğru irəliləyir".
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların insan və texnika sarıdan böyük itkilər verdiyini bildirir. Rusiya Müdafiə Nazirliyi də öz növbəsində Ukrayna hərbçilərinin Kuraxovda 12 min hərbçi itirdiyini iddia edir. Bu məlumatların müstəqil təsdiqi yoxdur. /AzPolitika.info/