Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır


1 yanvar 2025-ci ildən etibarən Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli dayandırıldı. Bu, yeni gərginlik yaradıb. Volodimir Zelenskinin bu addımının arxasında ABŞ-ın yeni prezidenti Donald Trampın iradəsinin dayandığı deyilir. Halbuki Trampın hakimiyyətə qayıtmasının Rusiya-Ukrayna və Rusiya-ABŞ münasibətlərinə yenilik, mülayimlik gətirəcəyi deyilirdi.

Burada Azərbaycanla bağlı suallar ortaya çıxır: Qazın Avropaya çıxışının dayandırılması Azərbaycan üçün nə kimi perspektiv açır? Avropa Rusiya qazını Abşeron qazı ilə əvəzləyə bilərmi?

Bizim o qədər qaz ixrac etməyə potensialımız varmı? Üstəlik bunun üçün infrastruktur mövcuddurmu?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanovun deyib ki, 2024-cü ildə Ukrayna ərazisindən tranzitlə Qərbi və Mərkəzi Avropa ölkələrinə qaz tədarükünün həcmi 15,4 milyard kubmetr təşkil edib.

Onun sözlərinə görə, bu rəqəm 2023-cü ildə ixrac göstəricisindən 6 faiz çoxdur:

“Sanki tranzit müqaviləsinin bitmə tarixini nəzərə alaraq hətta 2024-cü ilin sonuncu ayında noyabr ayına nisbətən 2.4 faiz daha çox ixrac etməyi bacarıblar. Rəsmi statistikaya əsasən ötən il ümumilikdə Rusiyanın Avropaya qaz ixracının əvvəlki ilə nisbətə 14 faiz artdığı təsdiqini tapır. Azərbaycan Cənub-Şərqi Avropa ölkələrinə hər il təxminən 12 milyard kubmetr qaz ixrac edir. Yaxın iki ildə yenə 2 milyard kubmetr ixrac həcminin artırılması nəzərdə tutulur. Rəsmi göstəricilərə əsasən isə 2024-cü ildə qaz ixracının həcminin əvvəlki ilə nisbətən təxminən 6 faiz azaldığı qeyd olunur”.

İqtisadçı deyib ki, Rusiyanın Avropa bazarından kənarlaşdırılması Azərbaycanın həmin yeri dolduracağı mənasını texniki cəhətdən tam ifadə edə bilməz:

“Bunun üçün hər iki tərəfin yeni infrastrukturları olmalıdır. O ki, qaldı Trampın Rusiya və Ukrayna müharibəsinin dayandırılmasına xüsusi təsir göstərəcəyi barədə addımlar atacağına, hesab edirəm ki, müqavilənin şərtlərinin gözlənilməsi əhəmiyyətli dərəcədə təmin edilib. Müharibə edən dövlətlər arasında masa arxasına əyləşib yeni iqtisadi müqavilələrin bağlanması əlbəttə ki, çox çətin məsələdir.

El%C3%A7in Qurbanov1

Elçin Qurbanov

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin bu addımının arxasında dayanması barədə fikirləri mülayimliyin əksi kimi təsvir etmək olmaz. Əksinə, Rusiyanın Avropa bazarından kənarlaşdırılması barədə nəticələrinin götür-qoy etməsi üçün şərait yaratmaqdır. Rusların əməliyyatları dayandırması üçün təsir forması kimi Ukraynanın silahlanması barədə yeni layihəsi olsaydı, o zaman Trampın problemin həllinə sərt yanaşması kimi interpritasiya oluna bilərdi. Hesab edirəm ki, gələcəkdə bu da istisna deyil. Mənə görə, Trampın siyasi mövqeyi ABŞ dövlətinin ümumi siyasi hədəflərindən kənara çıxa bilməz”.

Elçin Qurbanovun fikrincə, ABŞ-ın və Qərbin Rusiya barədə planları onun dövlət kimi sıradan çıxarılması yox, siyasi dairələri imperiya təfəkküründən uzaqlaşdırmaq və Rusiya cəmiyyətinin yenidən təşkilidir:

“Hazırda rəsmi Moskva öz mövcudluğunu dünyaya “Putin Rusiyası” kimi təqdim edir. Rusiyada son dövrlər miqrantlara olan münasibət nasizmin elementlərini özündə ehtiva etməyə başlayıb. Müharibənin belə halda dayandırılması isə ölkə daxili siyasi mühitin hakimiyyət əleyhinə dəyişməsinə səbəb ola bilər. Dünyada təyyarə böhranı yaranıb, Rusiyaya beynəlxalq uçuşlar kütləvi şəkildə azaldılıb, mülki aviasiya təsərrüfatı tənəzzülə doğru gedir. Avropa bazarında mövqeyin itirilməsi təhlükəsi, Yaxın Şərqdə hərbi siyasi uğursuzluqlar siyasi hakimiyyətin daha uzun müddətə dayanıqlığını təhlükə altına alır. Dünən İsrail hava qüvvələri Latakiyada hərbi silah-sursat (raket) saxlanılan anbarları bombarduman edib. Rusiyanın Suriyada saxlanılan silahlı birləşmələri Latakiya yaxınlığında yerləşən Hmeymim və Tartusdakı hərbi dəniz bazasıdır. Məhv edilən anbarlar bəs kimə məxsusdur?! Əgər Əsəd rejiminə məxsusdursa, Əsəd devrilib, əmlak Suriya dövlətinə məxsus olmalıdır. Görünən odur ki, Yaxın Şərqdə Rusiya və İranın əllərini tamamilə kəsərək, ərəb neftinin (qazının) Avropaya nəqli layihəsinin reallaşdırılmasından sonra Rusiyanın Avropa bazarını əhəmiyyətli dərəcədə itirəcəyinə şahid ola bilərik. Rusiya siyasi hakimiyyəti bunları yaxşı başa düşür”.


MANŞET XƏBƏRLƏRİ