Türkiyənin DEM Partiyasının millət vəkillərinin İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşü geniş müzakirələrə səbəb olub. Hazırda ictimaiyyəti düşündürən məsələlərdən biri də Öcalanın nə zaman PKK-ya tərksilah çağırışının etməsidir.
Nümayəndə heyətinin üzvlərindən sayılan Əhməd Türk sözügedən məsələyə münasibət bildirib. Deyib ki, İmralıya ikinci və ya üçüncü ziyarətdən sonra Öcalan PKK-ya tərksilah çağırışı edə bilər.
PKK lideri Abdullah Öcalanla görüşlərin nəticəsi necə olacaq? PKK silahı yerə qoyacaq? Abdullah Öcalan PKK-nın hələ də lideridir?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, iki ay öncə MHP sədri Dövlət Baxçalı PKK lideri Abdullah Öcalana çağırış etdi:
“Belə ki, o, Öcalanın Türkiyə Böyük Millət Məclisinə gələrək PKK-nın tərksilah edilməsi və buraxılması ilə bağlı bəyanat səsləndirməsi yönündə çağırış etdi. Bu açıqlama o vaxtdan bu günə qədər Türkiyə cəmiyyətində geniş müzakirələrə səbəb olub. Bunun ardınca Suriyada baş verən proseslər Şimalı İraqda Türkiyənin keçirdiyi hərbi əməliyyatlar onu göstərir ki, Türkiyə PKK-nı bitirməkdə qərarlıdır. Bu istiqamətdə bütün variantlardan istifadə etmək istəyir.
Oqtay Qasımov
Hazırda PKK lideri ilə görüşlər keçirilir. DEM Partiyasının millət vəkilləri bu danışıqların əsasını təşkil edir. Onlar bu danışıqların nəticələri barədə həm MHP başqanı Dövlət Baxçalıya, həm də TBMM sədrinə məlumat verib.
PKK 40 ildən artıqdır “mübarizə” aparır. Yəni qısa müddətə onlar ilə uzlaşmanın əldə edilməsi də, silahların yerə qoyulması da çətindir. Hər şeydən öncə PKK xaricdən dəstəklənir və bu layihənin müəllifləri onların silahı yerə qoymasını istəməyə bilər. Amma Türkiyənin də geri addım atacağını düşünmürəm. Ankara 40 mindən çox itki verib. Milyonlarla dollar iqtisadi itkiyə məruz qalıb.
Hesab edirəm proses təkcə Abdullah Öcalanın bəyanatından asılı olmayacaq. Çünki o, 25 ilə yaxındır həbsdədir və bu müddətdə PKK-da idarəetmə sistemi, kadrlar dəyişib. PKK Öcalanın qurduğu PKK deyil. Ona görə onun sözünün də nə isə təsiri olacağını gözləmək sadəlövhlük olardı”.