Qərb indi də Rusiyanı buraxıb, Ukraynaya savaş açır: Zelenki isə ABŞ büdcəsini "talamaqda" suçlanır


Son vaxtlara qədər Rusiya ilə hərbi-siyasi qarşıdurmada Avropanın əsas "təhlükəsizlik istehkamı" hesab olunan Ukrayna indi Qərb ölkələrini iqtisadi inkişafdan məhrum buraxan dövlət kimi suçlanır... Ukraynanı məkrli planlarla Rusiyaya qarşı savaşa sürükləyənlər hazırda həm müharibənin başladılmasına, həm də "havaya sovrulmuş" yüz milyardlara görə bütün günahı məhz prezident Volodimir Zelenski üzərinə yükləyirlər...

Ukrayna savaşı ətrafında yaranmış qəliz və qeyri-müəyyən situasiyaya artıq böhran mərhələyə yaxınlaşır. Belə ki, beynəlxalq siyasi iradə mərkəzləri bu "savaş bataqlığı"nın gələcək taleyi ilə bağlı ortaq yanaşma şansını itirməyə başlayıblar. Hər halda, sülh və savaş arasında seçim etmək indi daha da çətinləşmiş kimi görünür. Və mövcud situasiyanın Qərb siyasi dairələri arasında ciddi parçalanmaya yol açdığı da artıq inkaredilməz reallığa çevrilib.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenski Suriyanın yeni hakimiyyətinə ölkədə sabitliyin bərpa olunmasında yardım göstərməyə hazır olduğunu bildirib. Rəsmi Kiyev Suriyaya ərzaq yardımı da göstərib. Əslində, Rusiya ilə savaş vəziyyətində olan və Qərbin dəstəyi sayəsində hələlik diruş gətirməyi bacaran Ukrayna üçün Suriyaya yardımların göstərilməsi örnək davranışdır. Və bu, Ukraynanın öz gələcək taleyi baxımından, o qədər də pessimist ehtimallara təxmin vermədiyini göstərir.

Ancaq bütün bunlara baxmayaraq, prezident Volodimir Zelenskinin Suriyaya dəstək təklifi beynəlxalq siyasət məkanında birmənalı qarşılanmayıb. Belə ki, Qərb siyasi dairələri indi Ukraynanın özünün olduqca ciddi dəstəyə ehtiyacı olduğuna eyham vururlar. Eyni zamanda, bəzi Qərb siyasi dairələri beynəlxalq məkanda Ukrayna savaşının dayandırılması ilə bağlı "siyasi bazarlığın" aparıldığı bir mərhələdə prezident Volodimir Zelenskinin Suriya böhranını nizamlamaq niyyətinə düşməsini anlaşılmaz manevr hesab edirlər.

1777922.jpg (42 KB)

Məsələ ondadır ki, bəzi Qərb dövlətləri Ukrayna savaşından artıq yorulublar və bu hərbi münaqişədən mümkün qədər tez bir zamanda xilas olmağa çalışırlar. Hətta Macarıstan başda olmaqla, Şərqi Avropa ölkələri bu savaşın ağır yükünü çəkmək istəmədiklərini də qətiyyən göstərmirlər. Ona görə də, Qərb siyasi dairələri arasında Ukraynaya yönəlik üstüörtülü qınaqların əsas qaynağı da məhz Şərqi Avropa dövlətlərindədir. Və bu baxımdan, Şərqi Avropa ölkələri ilə rəsmi Kiyev arasında kifayət qədər ciddi ziddiyyətlərin olduğu da qətiyyən diqqətdən yayınmır.

Maraqlıdır ki, indi Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başlayacağı günü səbrsizliklə gözləyənlərin sırası da genişlənməkdədir. Əsas səbəb isə ondan ibarətdir ki, Tramp adminstrasiyası Ukrayna savaşını istənilən halda, dayandıracağına söz verib. Hətta Kremllə Tramp adminstrasiyası arasında bu məsələ ilə bağlı gizli təmasların artıq çoxdan başlandığı da məlumdur. Və Ukrayna savaşının dayandırılmasına müqavimət göstərənlər istisna olmaqla, pozitiv nəticəyə ümid bəsləyənlərin sıralarında səbrsiz gözlənti hökm sürür.

Xüsusilə də, Türkiyə Ukrayna savaşının mümkün qədər tez bir zamanda dayandırılmasına dəstək verməkdə israrlı mövqe tutur. İndiyə qədər Rusiya və Ukrayna təmsilçiləri arasında bir neçə dəfə baş tutmuş sülh təmaslarına da məhz Türkiyə evsahibliyi edib. Hətta İstanbul sammitində münaqişə tərəfləri sülh sazişinə çox yaxın olsalar da Bayden adminstrasiyası rəsmi Kiyevə təzyiq göstərərək, bu uğurlu prosesi pozmağa nail olub. Və bu baxımdan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2025-ci ildə Ukrayna savaşının dayandıracağına ümid bəslədiyini vurğulaması qətiyyən gözlənilməz deyil.

0add7af5ec3f4db956dc917676275ec6.jpg (94 KB)

Digər tərəfdən, Macarıstan ilə yanaşı, Slovakiya da Ukraynanı Avropa dövlətlərinə ciddi problemlər yaratmaqda suçlayır. Rəsmi Kiyev isə Macarıstan və Slovakiyanı Rusiyanın qeyri-rəsmi müttəfiqi hesab etdiyini gizlətmir. Halbuki, bu iki dövlət indiki maliyyə-iqtisadi böhran şəraitində Ukrayna savaşının maliyyələşdirilmə prosesinin çəkilməz yük olduğunu qabardır. Xüsusilə də, Ukrayna savaşı ucbatından Avropa məkanında yaşanan enerji böhranı hazırda təhlükəli həddə çatıb.

Məsələ ondadır ki, ötən ilin sonlarında Rusiyanın Ukrayna üzərindən Avropaya enerji resursları nəqli ilə bağlı iki müqavilənin müddəti yekunlaşıb. Rəsmi Kiyev Rusiya ilə yeni enerji müqaviləsi imzalamaqdan imtina edib. Nəticədə Avropaya Rusiyadan sonuncu enerji marşrutu da qapadılıb. Bundan narazı qalan Slovakiya baş naziri Robert Fitso Ukrayna üzərindən enerji resursları nəqlinin dayandırılmasından Rusiyanın ziyan çəkəcəyini düşünənləri sadəlövh hesab edir. Və onun fikrincə, bu, bütün Avropa Birliyi ölkələrinə sarsıdıcı iqtisadi zərbələr vuracaq.

Rəsmi Kiyevin Slovakiya kimi, Macarıstanı da Ukraynaya qeyri-dost ölkələrin sırasına daxil etməsinin səbəbi isə baş nazir Viktor Orbanın Rusiya ilə savaşın "qoca qitə" dövlətlərinə vurduğu ziyanı qabartması ilə bağlıdır. Belə ki, baş nazir Viktor Orban Ukrayna savaşına xərclənən 300 milyard dollardan artıq maliyyə vəsaiti ilə Avropanın müdafiəsi üçün tamamilə yeni və daha effektiv müdafiə sisteminin yaradıla biləcəyini vurğulayır. Və Macarıstan lideri hesab edir ki, Ukrayna savaşına sərf edilən maliyyə vəsaiti Şərqi Avropa ölkələrində həyat şəraitinin yüksəldilməsinə xərclənsə, daha çox fayda verərdi.

images-tr-put-zel.jpg (95 KB)

Belə anlaşılır ki, vaxtilə Avropanın əsas "təhlükəsizlik istehkamı" hesab olunan Ukrayna indi Qərb ölkələrini iqtisadi inkişafdan məhrum buraxan dövlət kimi suçlanır. Xüsusilə də, prezident Volodimir Zelenski indi Qərb siyasi dairələrində sevilməyən, hətta bəzi hallarda nifrət olunan dövlət başçısına çevirilib. Onu indi dövlət başçısından daha çox Qərbdən para qoparmaq ustası kimi xarakterizə edirlər. Və bu, əslində, Ukraynanı Rusiya ilə savaşa sürükləyənlərin indi bütün günahı məhz prezident Volodimir Zelenski üzərinə yükləmək cəhdidir.

Maraqlıdır ki, Ukrayna prezidentinə qarşı ən ağır ittihamlar indi okeanın o tayından gəlməkdədir. Ağ Evin yeni sahibi Donald Trampın oğlu prezident Zelenskini ABŞ siyasi dairələrini davamlı olaraq, aldatmaqda suçlayıb. Donald Trampın yaxın ətrafına daxil olan milyarder İlon Mask isə indiyə qədər heç kimin prezident Volodimir Zelenski kimi ABŞ büdcəsini talamağı bacarmadığını vurğulayıb. Halbuki, Rusiya ilə müharibənin ilk dövrlərində İlon Mask da Ukrayna ordusunu maliyyələşdirilməsində böyük həvəslə iştirak edirdi.

ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini "bütün dövrlərin ən böyük taciri" adlandırması isə rəsmi Kiyev üçün "qaranlıq tunel"in uzaqda olmadığını göstərir. Hər halda, yaxın vaxtlarda Ukraynanın ABŞ və Qərbin dəstəyini tamamilə itirə biləcəyi artıq qətiyyən şübhə doğurmur. Və belə anlaşılır ki, son vaxtlara qədər kollektiv Qərbin böyük həssaslıqla dəstəklədiyi Ukrayna indi demək olar, heç kimə lazım deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu


MANŞET XƏBƏRLƏRİ