Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman gündəmə dair açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, "CNN Türk" telekanalında qonaq olarkən PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın ehtimal olunan silah buraxma çağırışı ilə bağlı danışıb.
Hüseyn Yayman PKK-nın Öcalanın çağırışına müsbət cavab verməyəcəyi təqdirə nə olacağını açıqlayıb:
"Fevral ayında Türkiyədə silahların yerə qoyulacağı və PKK-nın artıq hərəkətə keçməyəcəyi bir mühitin ön plana çıxacağını düşünürəm. Ancaq PKK Öcalanın çağırışını qəbul etməsə, nə olacaq? O zaman Prezident Ərdoğan və MHP lideri Baxçalı deyəcək ki, biz silahları buraxın dedik, amma onlar qəbul etmədilər. Biz daha nə edə bilərik deməklə siyasi üstünlük əldə edəcəklər. Faktiki olaraq, PKK-nın partiyası olan DEM Partiyasının Öcalandan istifadə etdiyi görünür".
O qeyd edib ki, PKK terrorçuları silahları buraxmalıdırlar:
"Əslində, PKK silahı yerə qoymalıdır. Çünki Türkiyədə kürd problemi yoxdur, terror problemi var. Əgər PKK terror fəaliyyətlərinə və mübarizəni davam etdirəcəklərini desə, onda Türkiyə böyük dövlət olaraq nə lazımdırsa, onu da edəcək".
Lakin deputat prosesin müsbət şəkildə başa çatacağını düşünür:
"Düzdür, bu proses zamanı bir çox problem olacaq. Buna baxmayaraq, prosesin sonunda Türkiyənin bambaşqa bir iqlimə bürünəcəyi və terror qruplaşmasının silah buraxacağını düşünürəm. Hazırda terrorçuların dağda qalması üçün heç bir səbəb yoxdur. PKK silah buraxsa, Türkiyə böyük bir problemdən xilas olacaq. Biz bu məsələyə Türkiyənin demokratikləşməsi kimi baxırıq". /Cebheinfo.az/