Əcnəbilər Gürcüstanı kütləvi şəkildə tərk edir.
Turkustan.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi ötən ilin noyabr-dekabr aylarında etiraz aksiyalarında iştirak edən 25 xarici ölkə vətəndaşının ölkədən çıxarılması üçün prosedurlara başlayıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən deportasiya proseduruna başlanılan şəxslər noyabr-dekabr aylarında Tbilisidə keçirilən etiraz aksiyalarında iştirak etmiş və məhkəmə tərəfindən inzibati qaydada cəzalandırılmış 25 əcnəbidir. Hələlik onlardan 10-u ölkəni tərk edib”-deyə, məlumatda deyilir.
Departamentin qeyd etdiyi kimi, ümumilikdə 2024-cü ilin noyabr-dekabr aylarında respublikadan 91 əcnəbi çıxarılıb, onların bir qismi Gürcüstanı könüllü tərk edib. Həmin şəxslərin arasında İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya, Türkmənistan və digər ölkələrin vətəndaşları var.
Bütün 2024-cü ilin məlumatlarına gəlincə, ümumilikdə 430 əcnəbi ölkədən çıxarılıb ki, bu da 2023-cü ilin göstəricisindən 126% çoxdur.
Aytən Yaşar/ Turkustan.az