Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələrdən sonra dünyanın diqqəti İranın mümkün hərbi hədəfə çevrilməsi ehtimallarına yönəlib. Əsas sual budur: ABŞ və İsrail İranın nüvə proqramını “sıfırlamaq” üçün hərbi gücə nə vaxt əl atacaq? Tehranın Yaxın Şərqdəki “müqavimət oxunun” zəifləməsi Vaşinqton və Təl-Əvivin mümkün hərbi əməliyyatlar üçün əllərini açıb.
Digər tərəfdən, regionda mövqelərinin zəifləməsi İranı nüvə silahı yaratmaq cəhdlərini sürətləndirməyə məcbur edə bilər. Qərb analitikləri bu ssenarini yüksək ehtimal kimi dəyərləndirirlər. Buna baxmayaraq, son günlər İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkənin ali dini lideri nüvə doktrinasının dəyişməzliyi barədə fərman verib.
Rəsmi olaraq İranın nüvə siyasəti yalnız sülh məqsədlərinə yönəlib. Tehran heç vaxt nüvə silahı yaratmaq planlarını təsdiqləməyib.
Lakin Livan və Suriyada baş verənlər fonunda İranın nüvə proqramını sürətləndirmə ehtimalı dekabr ayının ortalarında Ağ Evdə müzakirə olunub. Axios nəşrinin məlumatına görə, prezident Co Baydenə İranın nüvə obyektlərinə qarşı əvvəlcədən zərbələr endirilməsi planı təqdim edilib.
“Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan prezident Baydenə İranın nüvə obyektlərinə mümkün ABŞ hücumları ilə bağlı variantları təqdim edib”, - deyə Axios bildirir.
Məlumata görə, müzakirələr İranın yanvarın 20-dək nüvə silahı yaratmaq istiqamətində addımlar atacağı halda, bu hücumların həyata keçirilməsi ehtimalını əhatə edib. Müzakirələrin gizli saxlanıldığı vurğulanıb.
"Tehranla nüvə proqramı ilə bağlı danışıqlar yaxın zamanda nəticə verməsə, Vaşinqton hərbi planı aktivləşdirmək məcburiyyətində qala bilər. Nefyunun sözlərinə görə, bu “tezliklə baş verə bilər" |
Digər tərəfdən, The Wall Street Journal dekabrın ortalarında məlumat verib ki, Tramp, hətta Ağ Evə qayıtmadan əvvəl İranın nüvə proqramını dayandırmaq üçün hərbi əməliyyatların keçirilməsi məsələsini müzakirə edib. Nəşrə görə, Trampın komandası İranın nüvə silahlanmasının qarşısını almaq üçün müxtəlif variantları nəzərdən keçirib. Bunlar arasında İranın nüvə obyektlərinə dəqiq aviazərbələrin endirilməsi planı da olub. Bu yanaşma əvvəlki diplomatik və sanksiya təzyiq strategiyasından uzaqlaşma anlamına gəlir.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin keçmiş müavini Riçard Nefyu Foreign Affairs jurnalında yazıb ki, əgər Tehranla nüvə proqramı ilə bağlı danışıqlar yaxın zamanda nəticə verməsə, Vaşinqton hərbi planı aktivləşdirmək məcburiyyətində qala bilər. Nefyunun sözlərinə görə, bu “tezliklə baş verə bilər.”
“Əgər ABŞ İranın nüvə silahına sahib olmasına dözməyə hazır deyilsə, onlar üçün başqa çıxış yolu qalmaya bilər, yalnız İranı hədəfə almaq — və bu, çox yaxında baş verə bilər”, - deyə o vurğulayıb.
O əlavə edib ki, hərçənd diplomatiya hələ də üstünlük verilən vasitədir, lakin İranın nüvə obyektlərinə zərbələr onun proqramını illərlə ləngidə bilər. Bununla yanaşı, Nefyu xəbərdarlıq edib ki, belə addımlar İranı nüvə silahı yaratmaq proseslərini aktivləşdirməyə təhrik edə bilər və tammiqyaslı hərbi əməliyyat ABŞ üçün ciddi yük olacaq. Onun sözlərinə görə, Tehranın nüvə arsenalına sahib olması ABŞ-a birbaşa təhlükə yaratmasa da, regiondakı müttəfiqləri üçün təhlükələr yaradaraq silahlanma yarışına səbəb ola bilər.
Bununla yanaşı, İranın xarici işlər nazirinin müavini Kazım Qərib-Abadi bildirib ki, yanvarın 13-də Böyük Britaniya, Fransa və Almaniya ilə nüvə sazişi ilə bağlı yeni məsləhətləşmə raundu keçiriləcək. Tərəflər arasında son görüş iki illik fasilədən sonra 29 noyabrda Cenevrədə baş tutub. İran nümayəndələri danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər.
Mənbə: Haqqin.az saytı